Nassar Al-Habaşnehi Tərcümə Mərkəzində olub

Nassar Al-Habaşnehi Tərcümə Mərkəzində olub

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar Al-Habaşnehi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, mərkəzin direktoru Afaq Məsud Azərbaycanda ərəb dilinə və ədəbiyyatına olan maraqdan, ərəb yazıçı və şairlərinin yaradıcılıq nümunələrinin tərcümə olunmasından, həmçinin, dil və tərcümə müstəvisində dünya ölkələri ilə yaradılan sıx ədəbi əlaqələrdən danışıb. Eyni zamanda, yaxın vaxtlarda Misirdə ərəb dilində nəşri və təqdimat mərasimi gözlənilən "Müasir Azərbaycan ədəbiyyatı antologiyası" barədə məlumat verib. A.Məsud kitabı Misirlə yanaşı, digər ərəb ölkələrində, eləcə İordaniyada da nəşr etdirmək niyyətində olduqlarını söyləyib.

Mərkəzin gördüyü işləri yüksək qiymətləndirən Nassar Al-Habaşnehi İordaniya Haşimilər Krallığı səfirliyinin bu istiqamətdə Tərcümə Mərkəzi ilə birgə həyata keçirə biləcəyi layihələrdən danışıb. Qeyd edilib ki, Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə, eləcə də dünya ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində mərkəzin həyata keçirdiyi layihələr dünya xalqları arasında qarşılıqlı anlaşmaya böyük imkanlar yaradır.

Qeyd edək ki, sonda qonağa mərkəzin kitab nəşrləri, "Xəzər" dünya ədəbiyyatı jurnalı, qurum tərəfindən bu günədək tərcümə və nəşr olunmuş əsərlərin ərəb dilində kataloqu və bukletlər təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə