Qara Qarayevin 98 illiyi qeyd olundu

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, görkəmli alim, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 98 illiyi qeyd olunub. SİA-nın verdiyi xəbərə görə, gecədə Qara Qarayev, Fərəc Qarayev və Dmitri Şostakoviçin əsərləri səsləndirilib. Əsərləri xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edib.

Konsertdə solist kimi beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc skripkaçı Elvin Qəniyev çıxış edib.

Qeyd edib ki, Qara Qarayevin Azərbaycan mədəniyyətinə XX əsrin ortalarından başlayaraq musiqi dili ilə gətirdiyi yeniliklər onu dünya səviyyəsinə qaldıraraq bəşəriyyətin ən öndə gedən inciləri sırasına çıxartdı. Gənc yaşlarından istedadının gücünə güvənərək dünya səviyyəli bəstəkarlarla tərəfdaşlıq edən, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahilərdən dərs almış Qara Qarayev böyük bir musiqi məktəbi ənənəsinin əsasını qoyub. Onun yaratdığı musiqi məktəbi bu gün də öz ənənəsinə sadiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə