Azərbaycanda ilk Buktreyler festivalı keçiriləcək

Azərbaycanda ilk Buktreyler festivalı keçiriləcək

Azərbaycanda ilk Buktreyler festivalı keçiriləcək. Bu haqda SİA-ya festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirli məlumat verib: "Buktreyler festivalının ildə bir dəfə olmaqla, hər il keçirilməsi nəzərdə tutulur. Festivala təqdim olunan filmlər internet və sosial şəbəkələrdə yerləşdiriləcək. Filmlərə təşkilat komitəsi tərəfindən baxılaraq qısa siyahı seçiləcək və festival günü geniş ekranda nümayiş ediləcək. Qəbul 15 marta qədərdir. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Münsiflər heyətinin tərkibinə festivalın məzmununa uyğun sahələrdə nüfuzlu peşəkarlar daxil olacaq. Hələki, onların adları festivalın obyektivliyi səbəbindən açıqlanmır. Bu festivalı keçirməyimizdə məqsəd kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır".

Qeyd edək ki, buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhz, bu səbəbdən, layihənin təsisçiləri Buktreyler festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin, kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır.

Festivalda iştirak şərtləri ilə və buktreylerə olan tələblərlə bu linkdən tanış olmaq olar: https://www.facebook.com/notes/book-trailer-festival/boook-trailer-festival-2016/1121468731220217

Yaranmış bütün suallarla bağlı aşağıdakı email vasitəsilə müraciət etmək mümkündür:

Email: [email protected]

Festivala kinoya və kitaba marağı olan hər bir kəs qoşula bilər. Veb sayt: www.booktrailer.az Facebook səhifəmiz: www.facebook.com/BooktrailerFest

Bütün xəbərlər Facebook səhifəmizdə