Bakıda britaniyalı heykəltəraşın sərgisi açılıb

Bakıda britaniyalı heykəltəraşın sərgisi açılıb

Heydər Əliyev Mərkəzində tanınmış britaniyalı heykəltəraş Riçard Dikonun "Digər tərəfdən" ("On the other side") adlı fərdi sərgisi açılıb. SİA-nın verdiyi xəbərə görə, açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək, sərginin təşkili üçün heykəltəraş Riçard Dikona və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib: "Sevindirici haldır ki, Heydər Əliyev Mərkəzi ziyarətçilərimiz tərəfindən çox sevilən bir məkana çevrilib. Burada çoxsaylı beynəlxalq sərgilər və tədbirlər keçirilir. Bu sırada 2014-cü ildən keçirilən tədbirləri-Toni Kreqq, Bernar Buffe, "Kosmosa səyahət", Klassik avtomobil sərgisini, "Qreys Kelli: Şahzadə və stil ikonası" və digərlərini qeyd etmək olar. Riçard Dikonun təqdim olunan sərgisi bizim üçün ən mühüm sərgilərdən biridir. Bundan əvvəl sərgi İsveçrənin Vintertur şəhərində, ümumilikdə isə 10 il ərzində dünyanın bir çox ölkələrində nümayiş olunub və nəhayət, Bakıda təqdim edilir. Bu sərginin təşkilində əməyi olan bütün insanlara minnətdarlıq edirəm".

Sərginin açılışında çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Riçard Dikonun akademiyada olduğunu və elmi şurada iştirak etdiyini bildirib. O, Riçard Dikona Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəxri üzvü diplomunu təqdim edərək söyləyib: "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördükləri böyük işlər nəticəsində dünyanın ən görkəmli sənətkarlarının, Avropa təsviri incəsənətinin tanınmış simalarının sərgiləri Bakıda nümayiş olunur. Bu sərgi həm də biz pedaqoqlara və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinə yaradıcılıq baxımından olduqca faydalıdır. Burada nümayiş etdirilən əsərlər tələbələr üçün böyük yaradıcılıq stimulu olacaq".

Sonra A.Ələkbərov layihənin həyata keçirilməsində xüsusi əməyi olan insanları səhnəyə dəvət edib. Heykəltəraş Riçard Dikon sərginin təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib: "2007-ci ildə Venesiya Biennalesində Azərbaycan pavilyonu ilə tanış olmaq imkanı qazanıb və o zaman Bakıda fərdi sərgisini təşkil etmək barədə dəvət alıb. Britaniyalı heykəltəraş sərginin təşkilindən hədsiz məmnunluğunu diqqətə çatdırıb, nümayiş etdirilən əsərlərin hər kəsdə xoş təəssürat yaradacağına ümidvaram".

Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar. Sərgidə müəllifin 39 əsəri yer alıb. Ekspozisiyada ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda, orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim edilib.

Qeyd edək ki, sərgi 2016-cı il iyulun 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə