“Axınla aşağı” bədii filmi Romada keçiriləcək festivala dəvət alıb

“Axınla aşağı” bədii filmi Romada keçiriləcək festivala dəvət alıb

Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi noyabrın 20-dən 28-dək Romada keçiriləcək 16-cı "Asiatica, Encounters with Asian Cinema" beynəlxalq film festivalına dəvət alıb. SİA-ya Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından bildirilib ki, film festivalın bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunacaq.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.

Xatırladaq ki, bu yaxınlarda "Axınla aşağı" Avstriyada keçirilən "LET’S CEE" beynəlxalq film festivalının "İddialı debüt" müsabiqə proqramında mükafata layiq görülüb, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, "Axınla aşağı" filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə