Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fransız dramaturqu Erik-Emmanuel Şmittin "Müsyö İbrahim və Quran çiçəyi" ikihissəli dramı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. SİA-nın məlumatına görə, əsərə Sankt-Peterburqdan dəvət edilmiş azərbaycanlı gənc rejissor Ərşad Ələkbərov quruluş verib.
Tamaşanın bədii rəhbəri teatrın baş rejissoru Xalq Artisti Azərpaşa Nemətdir. Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
İkihissəli tamaşada Müsyö İbrahim rolunu Xalq Artisti Fuad Poladov, digər rolları əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Murad İsmayılov, Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov və Vüsal Mustafayev ifa ediblər.
Nəzərinizə çatdıraq ki, dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. Tamaşa yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir. Əsər yəhudi Momonun İbrahim sayəsində islamı qəbul etməsi və bütün pis vərdişlərdən əl çəkməsi ilə sona çatır.
Qeyd edək ki, 2003-cü ildə fransız rejissoru Fransua Dupeyron bu əsərə eyniadlı film çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB