Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Bakı şəhəri Səid Rüstəmov adına 13 saylı uşaq musiqi məktəbi və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi şagirdlərinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 130 illiyi və Milli Musiqi Günü münasibətilə birgə konserti olub. SİA-nın məlumatına görə, konsertdə rayon rəhbərləri, musiqisevərlər, ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər.
Əvvəlcə incəsənət təhsili mərkəzi xalq çalğı alətləri orkestri Rəfiqə Qəhrəmanovanın dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Cəngi" əsərini ifa edib. Daha sonra 13 saylı uşaq musiqi məktəbi və incəsənət təhsili mərkəzinin şagirdləri bəstəkarın "Sevgili canan", "Qaragöz", "Sənsiz" romanslarını, "Arşın mal alan" operettasından müqəddimə və Asyanın ariyasını, "Koroğlu" operasından və "Arşın mal alan" operettasından qızlar xorunu səsləndiriblər.
Konsert proqramına xalq mahnıları, milli rəqslər də daxil edilib, şagirdlərin ifasında "O olmasın, bu olsun" musiqili komediyasından və "Arşın mal alan" operettasından kompozisiyalar təqdim olunub.
Şagirdlərdən Nərmin Hüseynovanın, Zöhrab Əsədovun, Həyat Əhmədovanın, Camal Qocayevin, Ləman Osmanovanın, Cavanşir Məmmədovun və başqalarının ifaları tamaşaçılarda xoş ovqat yaradıb, sürəkli alqışlarla qarşılanıb.
Sonda Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək dahi bəstəkar, ictimai xadim, milli operamızın banisi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı rolundan danışıb, bəstəkarın 130 illiyinə və Milli Musiqi Gününə həsr olunan konsertin yüksək səviyyədə keçməsinə görə hər bir ifaçıya, habelə Bakı şəhəri Səid Rüstəmov adına 13 saylı uşaq musiqi məktəbinin kollektivinə şamaxılılar adından təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB