Teatr mövsümü Gəncədə əsl incəsənət bayramına çevrildi FOTOLAR

Teatr mövsümü Gəncədə əsl incəsənət bayramına çevrildi FOTOLAR

Bu gün Gəncədə Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı əsl incəsənət bayramına çevrilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, mərasim başda Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev olmaqla nazirliyin məsul əməkdaşlarının, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin, tanınmış incəsənət xadimlərinin, Azərbaycanda fəaliyyət göstərən teatrların rəhbərlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Ulu öndərin xatirəsi ehtiramla yad edilərək, abidə önünə gül dəstələri qoyulub. Sonra mərasim iştirakçıları milli-mənəvi dəyərlərimiz olan tarixi abidələri-çökək hamam, Şah Abbas məscidi, Cavad xan türbəsinə baxıblar. Bayram tədbiri xalq qəhrəmanı Cavad xanın adını daşıyan küçədə davam etdirildi. Gəncə Dövlət Dram Teatrının aktyorları Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrinin əsərlərindən parçalar nümayiş etdirdilər. Tədbir iştirakçıları musiqi sədaları altında küçə boyu nümayiş etdirilən qədim el sənətkarlığı nümunələrinə baxdılar, məktəblilərin çıxışlarını dinlədilər. Körpə fidanların ifasında səsləndirilən şerlər, musiqi məktəbləri nümayəndələrinin çıxışları hərarətlə qarşılanıb.

Tədbir Məhsəti Gəncəvi Mərkəzinin qarşısında təşkil olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Dünya mədəniyyətinə əvəzsiz incilər bəxş etmiş Gəncənin şair və yazıçılarının, o cümlədən Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Nigar Rəfibəylinin obrazları canlandırıldı. Xalq artisti Şahnaz Haşımovanın ifa etdiyi mahnılar iştirakçılarda xoş ovqat yaradıb.

Sonra Məhsəti Gəncəvi Mərkəzi ilə tanışlıq oldu. Nazir Əbülfəs Qarayev, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev, eləcə də tanınmış teatr və incəsənət xadimləri mərkəzi gəzərək, burada yaradılan şəraitlə tanış oldular, gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxdılar. Mərkəzlə tanışlıqdan sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli önündə "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı maraqlı proqramla çıxış etdi.

143-cü teatr mövsümünün açılışı Gəncə Dövlət Kukla Teatrı kollektivi üçün ikiqat bayrama çevrildi. Həmin gün əsaslı təmirdən sonra teatr binasının açılışı oldu. Aktyorlar binanın qarşısında müxtəlif uşaq tamaşalarından səhnəciklər nümayiş etdirdilər. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev teatrın açılışını bildirən qırmızı lenti kəsdilər. İştirakçılar teatrda yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, teatr bayramı Gəncə Dövlət Dram Teatrında 143-cü teatr mövsümünün açılışı ilə davam edəcək. Açılışda Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə