Yeni prioritetlər və yeni hədəflər

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş struktura uyğun olaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni tərkibində ilk iclası cari ilin 31 avqust tarixində keçirilib. SİA-nın məlumatına görə, Mərkəzin direktoru Asif Usubəliyevin rəhbərliyi ilə keçirilmiş ilk iclasda Nazir cənab Əbülfəs Qarayev tərəfindən müəssisənin qarşısında müəyyən etdiyi yeni prioritetlər, strateji hədəflər barəsində, habelə yeni təyinatlar haqqında məlumatlar verilib.

Yaradılmış şöbələrin fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifə bölgüsü müəyyən olunmuş və kadr təyinatları aparılıb.

Məlumat üçün bildirməliyik ki, təsdiq olunmuş ştat cədvəlinə uyğun olaraq Mərkəzdə növbəti şöbələr fəaliyyət göstərəcək: Elmi araşdırmalar şöbəsi, Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsi, Bədii təhsil şöbəsi, İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsi, Təbliğat və statistik araşdırmalar şöbəsi.

Mərkəzin direktoru müəssisənin gələcək fəaliyyətinin Nazirlik ilə sıx əlaqələndirilmiş şəkildə təşkil olunması zəruriliyini vurğulayaraq, əsasən Nazirliyin müəyyən etdiyi prioritet vəzifələri əməkdaşların diqqətinə çatdırdı. Onların sırasına aşağıdakılar daxildir: milli mədəni irs nümunələrinin tədqiqi və təbliği; Nazirliyin rəhbərliyinin tapşırığı və sifarişi əsasında, xüsusilə respublikamızın regionlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrin monitorinqi və monitorinqin nəticələrinin təhlili əsasında müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən tətbiqi xarakterli konkret təkliflər paketinin hazırlanması; sahə üçün yeni sayıla biləcək eksperimental pilot layihələrin hazırlanması və onların icrası; Nazirlik tərəfindən daxil olunacaq müxtəlif xarakterli sənədlər üzərində elmi ekspertizanın aparılması və rəylərin verilməsi; mədəniyyət müəssisələrinin fəaliyyətini tənzimləyən, praktik əhəmiyyət kəsb edən metodiki tövsiyələrin hazırlanması; beynəlxalq təcrübənin öyrənilməsi; müvafiq təlimlərin aparılması; mədəniyyət sahəsinin təbliği və başlıca olaraq Nazirlik tərəfindən veriləcək tapşırıqların effektiv icrası və s.

Mərkəzin əməkdaşlarının fəal iştirakı ilə aparılmış fikir mübadiləsi zamanı müəssisənin illik iş planı, təşkilati məsələlər, habelə görüləcək ilk tədbirlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə