“Yeni söz karvanı” FOTOLAR

Milli ədəbi irsimizin təbliği, bölgələrdə şeirə, sənətə marağın daha da artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi müxtəlif layihələr, tədbirlər keçirir. Belə tədbirlərdən biri "Yeni söz karvanı" layihəsi çərçivəsində Lerik rayonunda gerçəkləşib. SİA-nın məlumatına görə, tədbiri rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açaraq qonaqları salamladı. Tanınmış şair və yazıçıların ölkəmizin müxtəlif şəhər və rayonlarında keçirdikləri görüşlərin bu dəfə Lerikdə təşkil edilməsindən məmnun olduqlarını bildirdi.

Sonra söz gecənin aparıcısı, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğluna verildi. O bildirdi ki, tədbirin keçirilməsində əsas məqsədin tanınmış simalarla görüşlərin təşkili ilə yanaşı, bölgələrdə yaradıcı insanların bədii zövqünün inkişaf etdirilməsi, yeni ədəbi nümunələrlə tanışlıqdır.

Tənqidçi-şair Əsəd Cahangir Lerikin Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilməsindən söz açıb. Azərbaycan ədəbiyyatının inkişafı, ədəbi proseslər və ədəbiyyatımızın böyük nümayəndələri haqqında ətraflı məlumat verib

Şairlər Əhməd Qəşəmoğlu, Yusif Nəğməkar çağdaş Azərbaycan ədəbiyyatının inkişaf tendensiyaları, ölkəmizdə gedən iqtisadi-mədəni inkişaf haqqında fikirlərini bölüşdülər, şeirlərindən nümunələr səsləndiriblər.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli çıxış edərək bildirdi ki, dövlət başçısının tapşırığına əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bölgələrdə vətəndaşlarla görüşləri zamanı insanlar tərəfindən müasir yazıçı-şairlərin iştirakı ilə rayonlarda görüşlərin keçirilməsinə köməklik göstərilməsi xahiş edilib. Bu xahiş və təkliflər nəzərə alınaraq regionlarda yaşayan vətəndaşların mənəvi tələbatının ödənilməsi, şeirə, sənətə olan marağının təmini məqsədilə "Yeni söz karvanı" layihəsi çərçivəsində görüşlərin təşkili planlaşdırılıb.

Qeyd olundu ki, 2008-ci ildən başlayaraq hər il ölkəmizin müxtəlif şəhər və rayonlarında tanınmış şair və yazıçıların, muğam ifaçılarının iştirakı ilə keçirilən bu səpkidə tədbirlər insanların geniş rəğbətini qazanıb. Lerik rayonunda belə bir görüşün təşkilinin əsas səbəbi bölgə əhalisinin sözə-sənətə yüksək qiymət verməsidir. Bildirildi ki, nazirliyin dəstəyi ilə belə tədbirlərin gələcəkdə də davam etdiriləcək.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə əldə olunan uğurlardan danışıb.

Daha sonra söz şeirə və musiqiyə verildi. Şair Çingiz Əlioğlunun şeirlərindən nümunələr səsləndirdi. Əsəd Cahangir, Əhməd Qəşəmoğlu, Yusif Nəğməkar şeirlərini oxudular. Poetik nümunələr tədbir iştirakçılarına xoş əhval-ruhiyyə, duyğusal anlar yaşatdı.

Tədbir muğam ifaçılarının musiqi xəzinəmizdən ifa etdikləri dəyərli muğamlar və xalq mahnıları ilə yekunlaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə