Əbülfəs Qarayev İtaliyada FOTOLAR

İtaliyanın Milan şəhərində keçirilən "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Açılış mərasimində İtaliyanın baş naziri Matteo Renzi, YUNESKO-nun baş direktoru İrina Bokova, İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyət və Turizm Naziri Dario Francesçini, 70-dən çox ölkədən mədəniyyət nazirləri və nümayəndə heyətləri iştirak edib.

"Mədəniyyət xalqlar arasında dialoqun təkmilləşdirilməsində əsas vasitədir" başlığı altında keçirilən tədbir ölkələri sülhə, əmin-amanlığa, qlobal dünyada mədəniyyət üzərindən qalib gəlməyə çağırıb.

Açılış nitqi ilə hər kəsi salamlayan İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyət və Turizm Naziri Dario Francesçini konfransın əhəmiyyətini xüsusi olaraq vurğulamış və sözü müxtəlif ölkələrin mədəniyyət nazirlərinə verib.

Açılışda iştirak edən YUNESKO-nun baş direktoru İrina Bokova çıxışı zamanı tədbiri yüksək qiymətləndirmiş və bildirmişdir ki, dünyada sülhün qorunması baxımından belə tədbirlərin davamlı olaraq keçirilməsi zərurəti vardır.

Daha sonra müxtəlif ölkələrin mədəniyyət nazirlərinin çıxışları ilə davam edən konfransda mədəniyyətin müxtəlif aspektləri üzrə məsələlərə toxunulub.

Qeyd edək ki, açılışdan öncə İtaliyanın məşhur "Fondazione Prada" qalereyasında qonaqlar üçün gəzinti təşkil edilmiş və təqdimatlar keçirdilib. Konfrans bu gün öz işinə yekun vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə