Əyyub Quliyev beynəlxalq festivalda çıxış edib

Əyyub Quliyev beynəlxalq festivalda çıxış edib

Rusiyanın V.Safonov adına Dövlət Filarmoniyasında XX Beynəlxalq Akademik Musiqi Festivalının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, festivalda tanınmış dirijor və solistlər - Rusiyanın xalq artistləri Sergey Roldugin, Yelena Korenyeva, əməkdar artistlər Yelena Mirtova, Andrey Diyev, Timofey Fyodorov, beynəlxalq müsabiqələr laureatları Əyyub Quliyev, Georgi Çiçinadze, Dimitrios Botinis, İlya Qaysin, Nikita Borisoqlebski, Alina Muxamedjanova və Sergey Maydanov iştirak edirlər.

Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Ə.Quliyevin rəhbərliyi ilə keçirilən konsertlərdə P.Çaykovskinin "Manfred" simfoniyasi, violonçel və orkestr üçün "Rokoko" variasiyaları, "Yevgeni Onegin" operasından fraqmentlər, soprano və orkestr üçün romansları səslənib. Konsertin proqramında görkəmli ifaçılar - Sankt-Peterburq "Musiqi Evi"nin prezidenti, Rusiyanın xalq artisti, professor Sergey Roldugin (violonçel) və Rusiyanın əməkdar artisti, Mariya Teatrının solisti Yelena Mirtova (soprano) iştirak ediblər.

Festivalın növbəti günü italyan bəstəkarı Coakkino Rossininin "Sevilya bərbəri" operasının yeni quruluşda premyerası keçirilib. Operaya dirijorluq edən Ə.Quliyevlə yanaşı, tamaşada Rusiyanın məşhur opera müğənniləri – "Gelikon Opera"sının solistləri Dmitri Ovçinnikov, Dmitri Drunov, Sergey Maydanov, Yelena Filimonova, Mixail Xojigirov və Eleonora Kiprenskaya çıxış ediblər. Həmin tamaşaya Moskvadan dəvət olunmuş rejissor Alla Çepinoqa quruluş verib.

Qeyd edək ki, Əyyub Quliyev Rusiya Akademik Simfonik Orkestrinin əsas dəvətli dirijoru kimi 2013-cü ildən burada fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə