Bu gün Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Sədayə Mustafayevanın doğum günüdür. SİA-nın məlumatına görə, Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qalereyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaradıb. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtgin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir.
Xalq artisti S.Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə" Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filmlərini misal göstərmək olar. 1958-ci ildə respublikanın əməkdar artisti, 1981-ci ildə isə xalq artisti fəxri adlarına, həmçinin 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüb. 2000-ci ildə "Əsgəroğlu" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci Anar Bürcəliyevin "Səhnə həyat nurumdur" adlı monoqrafiyası çap edilib. Xalq artisti Məmməd Bürcəliyevin həyat yoldaşı, teatrşünas-tənqidçi Anar Bürcəliyevin anasıdır.
Qeyd edək ki, 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib.
Allah Rəhmət Eləsin!







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB