Nizami Kino Mərkəzi Avropa Oyunlarına ciddi hazırlaşır

Nizami Kino Mərkəzi Avropa Oyunlarına ciddi hazırlaşır

"Nizami Kino Mərkəzi İlk Avropa Oyunlarına ciddi hazırlaşır". Bunu SİA-ya açıqlamasında Mərkəzin mətbuat katibi Arzu Əhədova söyləyib. Bildirib ki, şəhərimizə gələcək qonaqlar kinoteatrda nümayiş etdiriləcək filmlərdən razı qalacaqlar: "İlk Avropa Oyunlarına ciddi hazırlaşırıq. Belə ki, həmin ərəfələrdə bəlli saatlarda kinolarımızda tərcümələr olacaq. Turistlərin xoş təəssüratla getməsi üçün əlimizdən gələni edəcəyik. Bir neçə xarici filmləri repertuara salacağıq. Ancaq həmin filmlərin siyahısı hələ məlum deyil".

Qeyd edək ki, kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulub. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlayıb. Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb.

Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılıb. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə