“Azərbaycan mətbəxi: dadsonrası dad” filmi nümayiş olunub

“Azərbaycan mətbəxi: dadsonrası dad” filmi nümayiş olunub

Bu gün Azərbaycan Dövlət Film Fondunda "Azərbaycan mətbəxi: dadsonrası dad" adlı sənədli filmi KİV nümayəndələri üçün nümayiş olunub. SİA-nın verdiyi məlumata görə, filmin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə ekran əsərinin əsas ideyasının təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat vermək olduğunu bildirib.

Ş.Nəcəfzadə filmin çəkilişlərinin, demək olar ki, ölkəmizin bütün bölgələrində aparıldığını söyləyib. Bildirib ki, film "Milan Expo-2015" sərgisinin Azərbaycan pavilyonunda da nümayiş etdiriləcək.

Sonra KİV nümayəndələri filmə baxıblar. Rus dilində nümayiş etdirilən film ilk olaraq ingilis dilində hazırlanıb. Ekran əsəri yaxın vaxtlarda Azərbaycan dilinə də tərcümə olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında çəkilmiş filmin xronometrajı 33 dəqiqədir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır. Azərbaycanın füsunkar təbiətini əks etdirən landşaft çəkilişləri də filmin maraqla izlənilməsini təmin edir. Səyahətçi və tarixçilərin müşayiəti ilə orta əsr Şərq rəssamlarının bir çox miniatürləri, Avropa rəssamlarının qravürləri, fotoşəkillər filmin vizual-estetik və konseptual məğzini təşkil edir.

Ölkəmizin zəngin flora və faunası var. Bu isə iki mindən artıq yemək növünə malik olan mətbəximizin zənginliyini və onun dünyada xüsusi yer tutduğunu təsdiq etməyə imkan yaradır.

Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün ölkəmizin cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir. Filmin elmi məsləhətçisi Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, operatoru Nizami Abbas, icraçı prodüseri Əbdülnasir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə