Məşəl estafetini qəbul edən Zərdab haqqında

Məşəl estafetini qəbul edən Zərdab haqqında

"Bakı 2015" İlk Avropa Oyunlarının məşəl estafeti davam edir. Mayın 10-da Ağcabədi və Quzanlını dolaşan məşəl artıq Zərdaba yola salınıb. SİA-nın verdiyi məlumata görə, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı "Olimpiya" stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda "Alov festivalı"nın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən, demək olar ki, öyrənilməyib.

Zərdab ərazisində tapılmış (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai icma quruluşunun tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşayıblar.

Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir.

"Azərbaycan SSR atlası" kitabında göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya gedib. I Şah Təhmasib öz ordusu ilə Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan (Sabirabad rayonu) Kürü keçib, Zərdaba gəlib, buradan Qəbələyə, sonra Şamaxıya yürüş edib.

Bugünkü Zərdab şəhəri 1578-ci ilə aid türk mənbələrində "Zərdab sancağı" kimi göstərilir. Həsən bəy Zərdabi 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazıb.

1935-ci ildə Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. 1933-cü ildə Bakıda nəşr olunmuş "Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü" statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə etmək mümkündür. Həmin məlumata əsasən 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olub.

XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilib.

Rayon ərazisində 40 yaşayış məntəqəsi vardır. İnzibati mərkəzi – Zərdab şəhəridir. Rayon Bəyimli qəsəbəsini və Bıçaqçı, Yuxarı Seyidlər, Sileyli, Körpükənd, Məlikli, Burunlu, Qoruqbağı, Sarıqaya, Məmmədqasımlı, Gödəkqobu, Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Gəlmə, Salahlı, Hüseynxanlı, Xaməmmədli, Əlibəyli, Allahqulubağı, Çallı, Məlikumudlu, Birinci Alicanlı , İkinci Alicanlı, Cülovxanlı, Dəliquşçu, Dəkkəoba, İsaqbağı, Qərəvəlli, Böyük Dəkkə, Nəzəralı, Şıxbağı, Gəndəbil, Ağabağı, Şahhüseynli, Şəftəhal, Aşağı Seyidlər, Əlvənd, Otmanoba kəndlərini özündə birləşdirir.

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, konserv, çörək, kərpic, asfalt, süd zavodları fəaliyyət göstərir.

XX yüzilliyin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları üzə çıxdı və indi bunların bir çox nümunələri Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində kütləvi qəbiristanlıqlar – Ağtəpə adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur və bu təpədə əsaslı qazıntı-tədqiqat işinə ciddi ehtiyac var.

Bir zamanlar Zərdabın bəzi ərazilərində, o cümlədən Məlikumudlu kəndi yaxınlığındakı qədim yaşayış məskənlərində torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət şeyləri, qırmanc dəstəyi, əsa başı, sikkələr tapanlar çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə