Miniatür Kitab Muzeyində filologiya elmləri namizədi Esmira Fuadın (Şükürovanın) "Zakir Bağırov-85" miniatür kitabının təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri mərasimi açan muzeyin təsisçisi və yaradıcısı, respublika "Kitab" cəmiyyəti idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahova tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu gün həm də ona muzeyin ekspozisiyasının miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin rekordlar kitabına düşməsinə dair sertifikat da təqdim olunub. O, muzeyin yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyini xüsusilə qeyd edib.
Sonra təqdimatı keçirilən miniatür kitab haqqında məlumat verən Zərifə Salahova deyib ki, bu gün həm də Zakir Bağırovun vəfat etdiyi gündür.
Diqqətə çatdırılıb ki, təqdimatı keçirilən miniatür kitab Azərbaycan Respublikasının "Kitab" cəmiyyəti tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə "İndiqo" mətbəəsində nəfis tərtibatla çapdan çıxıb. Rus dilində nəşr edilmiş kitabın ölçüsü 45x47 mm olub, 244 səhifədən ibarətdir. Üz qabığında Zakir Bağırovun fotosu yer alan kitab 100 nüsxə tirajla çap edilib.
Tədbirdə çıxış edən kitabın müəllifi Esmira Fuad, əməkdar jurnalist Elmira Əliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin deputatı Hadı Rəcəbli və başqaları Zakir Bağırovun həyat və fəaliyyətindən, mədəniyyət naziri işlədiyi 18 ildə müvafiq sahənin inkişafına verdiyi töhfələrdən geniş söhbət açıblar.
Vurğulanıb ki, Zakir Bağırov Azərbaycanın mədəniyyət naziri olarkən onun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Xoreoqrafiya Məktəbi tikilib, bir sıra mədəniyyət ocaqları təmir edilib, yeni orkestrlər yaradılıb. Üzeyir Hacıbəyli, Səməd Vurğun, Cəfər Cabbarlının ev-muzeyləri məhz onun nazir olduğu dövrdə açılıb. Azərbaycan sirk kollektivi də Zakir Bağırovun təşəbbüsü ilə yaradılıb.
Nəşrdə müəllif xalq rəssamı Ömər Eldarovun, xalq artistləri Fidan və Xuraman Qasımovaların habelə mərhum bəstəkar Tofiq Quliyevin, görkəmli jurnalist Azad Şərifovun və başqalarının xatirələrinə də yer ayırıb.
Mərasimdə Zakir Bağırovun nəvəsi Fərəh Bağırovanın babasına həsr etdiyi rəsm əsəri də təqdim olunub.
Qeyd edək ki, sonda Zakir Bağırovun ömür-gün yoldaşı Tamilla xanım və oğlu Nəriman miniatür kitabın nəşrində və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB