Yay vaxtına keçid səhhətimizə necə təsir edir? MÜNASİBƏT-FOTOLAR
Hər il mart ayının sonuncu bazar günü Azərbaycan ərazisində yay vaxtına keçid tətbiq olunur. Bu gün də 04:00-da saatların əqrəbləri 1 saat irəli çəkilib. Bununla da həmin andan etibarən Azərbaycanda yay vaxtına keçid tətbiq olunub.
Bir çox elmi-tədqiqatlar yay vaxtına keçidin insan sağlamlığına olduqca mənfi təsir etdiyini bildirirlər. Bununla bağlı SİA-ya professor-ekspert Adil Qeybulla açıqlama verib. Bildirib ki, saat əqrəbinin 1 saat irəli çəkilməsi insan sağlamlığına ciddi təsir göstərə bilməz: "İnsan orqanizmi adaptasiya mexanizmlərinə iqlim, zaman dəyişmələrinə uyğunlaşır. Ümumiyyətlə saatların çəkilməsi iqtisadi baxımdan səmərəsi olmadığına görə bir çox dövlətlər bundan imtina ediblər. Yəqin ki, bizdə də bu məsələ öz həllini tapacaq. Ancaq bunun insan səhhətinə mənfi təsirindən söhbət gedə bilməz. Sadəcə olaraq adaptasiya mexanizmləri yaşlı insanların, hamilə qadınların, uşaqların səhhətində müəyyən dəyişikliklər yarada bilər. Ona görə də onlar vaxt dəyişikliyinə 10-15 gün qalmış oyanma və yatma vaxtlarını tənzimləsinlər".

Psixoloq Təhminə Çələbi: "Saat əqrəblərinin irəli və ya geriyə çəkilməsi insanda qıcıq, stress, əsəb halları yarada bilər. Çünki insan beyni eyni şeyə adaptasiya olunur və biz bunu hiss etmədən orqanizmimiz həmin rejimdə davam edir. Daha sonra birdən-birə hər hansı dəyişiklik olduğu zaman həssas insanlarda özünü daha tez biruzə verir. Lakin saatların dəyişməsinə 20 gün qalmış qida, yuxu vaxtlarınız normaya salmaq lazımdır ki, sonradan hər hansı problem yaşanmasın. Əks halda həssas insanlarda müəyyən qıcıqlar yaranır ki, bu da özünə və ətrafındakı insanlara mənfi təsir edir. Çox zaman həmin şəxslər aqresivliyinin səbəbini anlaya bilmirlər. Təbii ki, burda söhbət psixoloji durumu yerində olan insandan gedir. Psixoloji durumu yerində olmayan insanların adaptasiyası daha uzun çəkir. Bəzən elə patoloji xəstələr olur ki, onların ailələrinə məsləhət görürük ki, evdə saatları dəyişməsinlər. Çünki bu hərəkət onların psixologiyasına mənfi təsir göstərə bilər. Bu cür insanların özlərinəməxsus xasiyyətləri olur ki, onları dəyişmək olduqca çətindir".

Qeyd edək ki, Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin 17 mart, 1997-ci il tarixli qərarı əsasında həyata keçirilir. Qərara əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir. Oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçid olur və saatlar bir saat geri çəkilir. Yay və qış vaxtına keçid ilk dəfə 1908-ci ildə Böyük Britaniyada tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB