Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı təşkilatçılığı keçirilən "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı konsert proqramları ilə davam edir. SİA-nın verdiyi məlumata görə, paytaxtın konsert salonlarında musiqisevərlərə zövq oxşayan ifalar təqdim olunur.
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İspaniya musiqiçiləri çıxış etdilər. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar, muğamsevərlər iştirak edirdi.
Proqramda əvvəlcə Azərbaycan ifaçıları "Rast" muğamını təqdim etdilər. Əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artist Babək Niftəliyev və İlkin Əhmədovun ifası alqışlarla qarşılandı. Xanəndələri Ayaz İmranov (tar), Elvin Novruzov (kamança), Humay Rəhimova (qanun), Soltan Əliyev (nağara) və Novruz Hüseynov (bəm-tar) müşayiət edirdi.
Sonra səhnəyə İspaniyanın "Flamenko" qrupu çıxdı. Qrupda yer alan müğənni Xuan Piniya Martin və rəqqasə Kika Quesadanın çıxışı gecəyə xüsusi rəng qatdı. Hər iki ifaçı dünyada tanınan sənətçilərdəndir və nüfuzlu mükafatlara layiq görülüblər.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi. Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupunun iştirakı ilə konsert proqramı təqdim olundu.
Konsertdə Üzeyir Hacıbəylinin "Fantaziya", Səid Rüstəmovun "Bayatı kürd", Tofiq Bakıxanovun "Qızlar rəqsi", Niyazinin "Vətən" nəğməsi, Qara Qarayevin "7 gözəl" baletindən "Vals" və "Sarı gəlin" xalq mahnısı səsləndirildi. Gecədə həmçinin Süleyman Ələsgərovun "Aşıqvari", Musa Mirzəyevin "Azərbaycan rəqsi", Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyasından VII hissə ifa olundu.
Konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev, solistlər Xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Sahib Paşazadə, Çinarə Heydərova, Anar Şuşalı və Almaz Orucova, beynəlxalq muğam müsabiqəsinin qalibi Ehtiram Hüseynov idi.
Martın 12-də festivalın daha bir konserti Bakı Caz Mərkəzində keçirildi. Gecədə Salman Qəmbərovun qrupu çıxış etdi.
"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı martın 18-dək davam edəcək. Martın 15-də festival çərçivəsində beynəlxalq muğam müsabiqəsinə start veriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB