Sərvər Əliyev anasını ziyarət etdi AÇIQLAMA-FOTOLAR

Sərvər Əliyev anasını ziyarət etdi AÇIQLAMA-FOTOLAR

Bu gün Gənc Tamaşaçılar teatrının aktyoru və rejissoru, Ağdam Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyevin doğum günüdür. Aktyor SİA-ya açıqlamasında ad gününü yaxınları ilə birgə keçirəcəyini söyləyib: "Bu gün mənim 49 taşım tamam olur. Hazırda yoldayam. Məni dünyaya gətirdiyinə görə anama təşəkkür borcumu yerinə yetirmək üçün onu ziyarətə gedirəm. Axşam isə məni sevən və daim qayğıma qalan ailəmlə doğum günü tortu kəsəcəm. Onu da deyim ki, ad günümü təmtəraqla keçirməyi sevmirəm. Artıq dünən axşamdan dostlarım və yaxınlarımdan təbrik mesajları alıram. Buna görə hər kəsə təşəkkür edirəm".

Nəzərinizə çatdıraq ki, Sərvər Əliyev 22 yanvar 1966-cı ildə Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində anadan olub. 1972-ci ildə Sədərək kənd orta məktəbinə gedib. 1980-1982-ci illərdə təhsilini Ordubad internat məktəbində davam etdirərək tamamlayıb. İnternat məktəbində təhsil aldığı illərdə məktəbin nəzdindəki dram dərnəyində fəal çıxış edib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Görkəmli rejissor və pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb.

1990-cı ildə o, Sədərək rayonuna döyüşə yollanır. 1993-cü ilə qədər müəyyən fasilələrlə cəbhəyə gedib qayıdır. Həmin illər ərzində Asif Ağayevin təşkil etdiyi "Meydan" teatrında da fəaliyyət göstərir. Sərvər Əliyev 1993-cü ilin noyabr ayında mərhum rejissorumuz Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında aktyor ştatına qəbul olunub və teatrın fəaliyyətinin son gününə qədər bu sənət ocağında çalışıb. Burada bir sıra maraqlı və yaddaqalan obrazlar ifa edib. Sərvər Əliyev DGT-da C. Məmmədquluzadənin "Qurbanəli bəy" əsərində Pristav, "Ölülər" əsərində Şeyx Əhməd, V.Şekspirin "Yay gecəsində yuxu" əsərində Oberon, "Hamlet" faciəsində Klavdi, "Makbet" faciəsində Makduf, "Tədbirə qarşı tədbir" komediyasında Lizandr, Əli Əmirlinin "Onun iki qabırğası" komediyasında Cavanşir, "Varlı qadın" komediyasında Pəhlivan, "Kişi və qadın" əsərində Cəmil bəy, B. Vahabzadənin "Atamın kitabı" əsərində İxtiyar, Kamal Abdullanın "Şah İsmayıl" əsərində Şah İsmayıl, Q.Qorinin "IV Kin" əsərində Solomon, "Herostratı unudun" əsərində Tissofern, Mikloş Xubainin "Neron oynayır" əsərində Pallada və başqa obrazlar ifa edib. Sərvər Əliyev aktyorluqla yanaşı rejissor kimi də fəaliyyət göstərib. Meydan teatrında Ş.Qurbanovun "Sənsiz", İrəvan Dram Teatrında Akif Həsənoğlunun "Tənha payız yarpağı", DGT-da Mitroviçin "Gecə soyğunçuları", Stefan Sveyqin "Yad qadının məktubları", E. Hüseynbəylinin "İmperator", Ü. Hacıbəylinin "Ər və arvad", Əziz Nesinin "Bir az gəlirmisiniz" əsərlərinə quruluş verib. Sərvər Əliyev hal-hazırda Gənc Tamaşaçılar Teatrında öz fəaliyyətini davam etdirir. Burada H.Cavidin "Şeyx Sənan" faciəsində Şeyx Sədra, S.S.Axundov və A.Şaiqin "Qaraca qız" tamaşasında Piri baba, Hamsonun "Viktoriya" əsərində Mülkədar obrazlarını ifa edir. Ayrıca bir sıra tamaşalarda da ikinci rejissor kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Sərvər Əliyev 2014-cü ildə Ağdam Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə