2014- cü ilin ən yaxşı yazıçı və şairi mükafatı müəyyənləşərsə bunu kimə layiq görərsiniz sualımıza xalq şairi Fikrət Qoca cavab verib: "O sahədə heç bir zaman işləmədiyim üçün kimin yaxşı, pis olması haqda danışmaq çətin olar. Bu il öz növbəsində mənim yaddaşımda qalıb. Sevinirəm ki, 2014 sağlıqla yola salırıq. Belə ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, bu il də hər şey qaydasındadır. Biz ərazi və əhalinin sayı baxımından kiçik dövlətik. Lakin çox böyük nailiyyətlər qazanmışıq və öz sözümüzü böyük dövlətlərə deyə bilirik".

Xalq şairi Zəlimxan Yaqub: "Bildiyiniz kimi Azərbaycanın istedadlı yazıçı və şairləri çoxdur. Sevinirəm ki, gənclərimizin də ədəbiyyata marağı artmaqdadır. Mənim üçün isə ən yaxşı yazıçı İsa Muğannadır".

Şair Baba Vəziroğlu: "Hazırda bir çox istedadlı və istedadsız yazıçı və şairlərimiz var. Düşünürəm ki, bir yazarın yazısını digəri təkrar edə bilməz. Hər bir yazar əsərlərində ədəbiyyatımıza öz töhfəsini verməlidir. Son zamanlar mən sosial şəbəkələrin aktiv istifadəçisinə çevrilmişəm. Orada daha çox gənclərin paylaşımlarını diqqətlə oxuyuram. Buna baxmayaraq dünya ədəbiyyatını və ən əsası rus klassiklərinin əsərlərini yorulmadan dəfələrlə oxuyuram. Çünki hər dəfəsində eyni əsərdə fərqli nə isə tapıram. Azərbaycan ədəbiyyatından isə dəfələrlə əsərlərini oxuduğum yazıçı Rafiq Tağıdır. Sonda onu deyim ki, kitab oxumaqla mənəvi rahatlıq tapıram.".

Yazıçı, publisist Əkbər Qoşalı: "Şair və yazıçı yaradıcılığı bir ilə sığmır. Əgər hər hansı yazıçı və şairlərimizin 2014-cü ildəki uğurlarını göz önündə tutarıqsa o zaman onların bu il nəşr olunan kitabları, qazandığı mükafatlar nəzərə alınaraq ad çəkmək mümkündür. Mən nisbətən yaşlı nəsildən Məmməd İsmayılın, orta nəsildən Elşən Əhlinin işıq üzü görən kitabını və onun təqdimatını, yeni nəsildən isə Taleh Mansurun adını çəkə bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB