2014-cü ildə Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinin nəticələri
2013-cü ildən etibarən fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizə biznes tədbirlərinin cəlb edilməsi vasitəsilə Azərbaycanda işgüzar (MİCE) turizmin inkişaf etdirilməsidir. Xatırladırıq ki, Konqreslər Bürosu dövlət və özəl sektorların əməkdaşlıq modeli üzrə yaradılmışdır. Belə ki, sözügedən qurum Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanalar, turizm və digər növ şirkətlərin birgə təşəbbüsünün nəticəsi olaraq meydana gəlmişdir. Konqreslər Bürosunun hal-hazırda 14 üzvü vardır (brend mehmanxanaları, turizm şirkətləri və s.).
Cari il ərzində Azərbaycan Konqreslər Bürosu rəsmi veb səhifəsini (www.azcb.com) və loqosunu yaratmış, işgüzar turizm sahəsi üzrə ixtisaslaşmış İMEX və EİBTM sərgilərində iştirak edərək bir neçə tədbirin Azərbaycana cəlb olunmasına nail olmuşdur.
Bununla yanaşı, Büro öz üzvləri üçün işgüzar (MİCE) turizmin xüsusiyyətlərinə həsr olunmuş müvafiq treninqlər təşkil etmiş, Nazirliyin xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə Azərbaycanda həmin ölkənin MİCE şirkətlərinin nümayəndələri üçün infoturlar təşkil edilib. SİA-nın verdiyi məlumata görə, infoturlar zamanı təşkil olunmuş seminarlar çərçivəsində xarici qonaqlar və Büronun üzvləri arasında təkbətək görüşlər keçirilmiş və müvafiq biznes əlaqələri qurulub.
Qeyd edirik ki, 2014-cü ildə Azərbaycan Konqreslər Bürosu tərəfindən 5 MİCE tədbiri ölkəmizə cəlb olunmuşdur. Bununla yanaşı, irimiqyaslı MİCE tədbirlərinin ölkəmizə cəlb edilməsi məqsədilə müvafiq beynəlxalq tender müsabiqələrində iştirak nəzərdə tutulub.
2015-ci ildə 2 mehmanxana və 5 müxtəlif şirkətin Azərbaycan Konqreslər Bürosuna qoşulma niyyətlərinin olması Büronun müvəffəqiyyətli fəaliyyətinin nəticəsidir. Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu ölkəmizin Beynəlxalq Görüşlər Assosiasiyasındakı yerini möhkəmlətmək və növbəti beş il ərzində ölkənin ən azı ildə 20 beynəlxalq konqresə ev sahibliyi etməsini hədəfləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB