III Bakı Beynəlxalq Teatr Konfransı öz işini başa çatdırıb. SİA-nın verdiyi məlumata görə, konfransın sonuncu günü plenar iclaslara Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, teatr tənqidçisi, "Peterburq teatr jurnalı"nın baş redaktoru Marina Dmitrevskaya, teatr tənqidçisi, sənətşünaslıq namizədi Aydın Talıbzadə, Hindistandan Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru Ayşa Rau moderatorluq ediblər.
Gün ərzində "İran ənənəvi teatrı: təziyələrdə rəng və hərəkətin rəmzi rolu", "Multikulturalizm-universal dəyərlər sistemində teatrın yeri", "XXI əsrin teatrında söz əməl kimi", "Qloballaşmış dünyada teatr", "Multikulturalizm İtaliyada" və digər mövzularda məruzələr dinlənilib.
Vurğulanıb ki, Üçüncü Bakı Beynəlxalq Teatr Konfransının "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusu fundamental bir məsələni gündəmə gətirib.
Teatr mədəniyyət çarxını fırladan millərdən biridir. Mədəniyyət özü isə siyasi nəzəriyyə və təcrübədən təcrid oluna bilməz. Beləliklə, mədəniyyət çarxının müxtəlif milləri, o cümlədən dillər, memarlıq, musiqi, rəngkarlıq, folklor tarixi və s. mövcuddur. Bütün bu millər çarxı irəli apararkən bəşəriyyətin ən önəmli xüsusiyyətlərini multikulturalist dəyərlərə qovuşdurur.
Hər hansı ölkənin özünəməxsusluğunu itirmədən qloballaşma prosesinə qoşula bilməsinə imkan yaradan komponentlər mövcuddur. Ən yaxşı olanı özünə hopdurmaq və özündə olanı digərlərinə göstərməyə, verməyə hazır olmaq, hamıya münasibətdə açıq olmaq, hər kəsə anlaşıqlı ola biləcək ortaq və qlobal məsələləri tapmaq və onu ifadə etmək bacarığı vacib şərtlərdəndir.
III Bakı Beynəlxalq Teatr Konfransına mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yekun vurub: "Azərbaycan xalq teatrı peşəkar səviyyədə 1873-cü ildə yaradılıb. Lakin əsl intibah isə 2006-cı ildən başlanıb. Həmin ildə postsovet məkanında ilk dəfə "Teatr və teatr fəaliyyəti haqqında" qanun qəbul olunub. Sonrakı illərdə isə "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Bu səkkiz il müddətində Azərbaycan teatrı beynəlxalq teatr təşkilatlarında uğurla təmsil olunur, bu təşkilatların Bakıda illik toplantıları keçirilir. Hər birinizi 2016-cı ildə keçiriləcək, növbəti, IV Bakı Beynəlxalq Teatr Konfransına dəvət edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB