“Sevgi ilə Gürcüstandan” adlı sərgi nümayiş etdiriləcək

“Sevgi ilə Gürcüstandan” adlı sərgi nümayiş etdiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində "Sevgi ilə Gürcüstandan" adlı sərgi keçirilir. SİA-nın verdiyi məlumata görə, gürcü rəssamlıq məktəbinin ənənələri olduqca zəngindir. Bu məktəbin tarixi kökləri Qərbi Gürcüstanın qədim Kolxida əyalətindən və Orta əsrlərə aid milli freska rəssamlığından gəlir. Ötən əsrin tanınmış rəssamı Niko Pirosmani bu ənənələrə yeni çalarlar gətirmiş, 20-ci illərdə Parisdə yaşayıb yaratmış David Kakabadze, Elene Axvlediani, Lado Qudiaşvili və digərləri onları dünya incəsənətində yenilik kimi təşviq edərək, Qərbi Avropa mədəniyyəti ilə onlar arasında sıx əlaqə yaradıbar.

50-ci illərdə Gürcüstanda bir sıra rəssamlar qrupu (Gürcüstanın avanqardist qrupu – "Arxivariuslar" və "10-cu mərtəbə" timsalında) və bəzi ayrı-ayrı fırça ustaları tərəfindən fərqli konsepsiyaların tətbiq edilməsi müasir incəsənət prosesini özündə əks etdirərək, həmin vizual üslubların formalaşmasında mühüm rol oynayıb.

XXI əsrin əvvəlində Avropa rəssamları kimi Gürcüstan rəssamları da insan ideallarını formalaşdırmaq zərurətini aydın şəkildə hiss edirlər. Onları da bütün bəşəriyyətin üzləşdiyi eyni problemlər, yəni idealların pozulması, total zorakılıq, absurd müharibələr, ekoloji, sosial və iqtisadi fəlakətlər narahat edir. Onlar hesab edirlər ki, bu vəziyyətdən çıxış yolu əbədi dəyərləri yaşatmaqdır.

Çağdaş gürcü rəssamlığı müxtəlif çalarlardan ibarət olan mozaikaya bənzəyir. Üslub və semantika baxımından, həmin incəsənət əsərlərinin cəhətləri avanqardist təbiəti ilə seçilir və tarixi çərçivəyə salınsa da, bununla belə, onlar heç zaman bu çərçivə ilə məhdudlaşmır.

Bakıdakı bu sərgi milli incəsənət prosesinin bir hissəsinə həsr olunub və Gürcüstanın bütün müasir incəsənətini əks etdirmir. Sərgilənən rəssamların (Mamuka Tsetsxladze, Şalva Matuaşvili, Ömər Kaçkaçişvili, Camal Kuxalaşvili, Laşa Kuxalaşvili və digərləri) üslubunda bədii vəzifələrdəki fərqlərə baxmayaraq, onların əsərləri milli təcrübə, zəngin ənənələr ilə də öz sıx əlaqəsini itirmir.

Sərgidə 62 rəngkar və qrafik rəssamın 130-a yaxın əsəri nümayiş olunur.

Sərginin açılışı 18 noyabrda Azərbaycan Milli İncəsənət Muzeyində keçirilir və iki həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə