Bakıda seminar keçirilir

Bu gün Bakıda "Avropa Şurasının mədəni marşrutları: mədəniyyətlərarası dialoq və sosial sabitlik naminə mədəni turizm" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardziç-Markoviç və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son 6 ay müddətində AŞ Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın son tədbirinin, məhz mədəniyyətə və turizm marşrutlarına həsr edildiyini söyləyib: "Düşünürəm ki, bu fakt rəmzi xarakter daşıyır. Hesab edirəm, bu istiqamət bir nümunə olaraq Avropa ölkələri üçün müəyyən maraq kəsb edə bilər. Son illər Azərbaycan bir neçə beynəlxalq mədəni tədbir keçirib və bu tədbirlər uğurla başa çatıb. Əlbəttə, biz mədəniyyət və turizm sahəsində beynəlxalq tədbirləri davamlı keçirəcəyik. Azərbaycanda həyata keçirilən mədəni siyasət, tolerantlıq bütün böyük təşkilatların diqqətini cəlb edib. Azərbaycanda yaşayan müxtəlif xalqlar yaratdıqları mədəniyyət nümunələrini təqdim edirlər. Bir çox sərgilər, tədbirlər keçirilir. Sevindirici haldır ki, artıq ölkəmizin mədəniyyəti dünyada tanınır".

Daha sonra digər qonaqlar da çıxış edərək 2 gün ərzində seminarlarda: Turizm sosial birlik və dialoqun aparıcı qüvvəsi kimi; Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi - keçmiş, indi və gələcək; Sosial birlik iqtisadiyyatı - davamlı iqtisadi inkişaf naminə mədəni marşrutlar; Avropa Şurasının mədəni marşrutları boyunca "müharibə və sülh"; Mədəni marşrutlar Avropa yaddaşının və yaşadılan tarixin qoruyucuları kimi mövzuların müzkirəsinin olacağını bildiriblər.

Diqqətə çatdırılıb ki, yollar hər zaman mədəniyyətlər, ənənələr, irslər, dillər və bacarıqların görüş yeri olub. Səyahət və yerdəyişmə bu gün hələ də dialoq üçün yeni məkanlar formalaşmaqdadır. Bildirilib ki, bu gün Azərbaycan yalnız mədəniyyəti və iqtisadiyyatı ilə dünyaya örnək olmaqla yanaşı, tolerantlıq baxımından da seçilir.

Qeyd edək ki, sonda nazir Əbülfəs Qarayev və Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardziç-Markoviç arasında ikitərəfli görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə