İçərişəhərin Ağsaqqallar Şurasının tərkibi təsdiqləndi FOTO

İçərişəhərin Ağsaqqallar Şurasının tərkibi təsdiqləndi FOTO

Oktyabrın 17-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Ağsaqqallar Şurasının yeni təsdiq edilmiş tərkibinin üzvləri ilə görüş keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşü giriş sözü ilə açan İdarə rəisi cənab Samir Nuriyev Şuranın ötən beş ildəki fəaliyyətindən, İdarənin İçərişəhərin sakinləri arasında münasibətlərin sıx əməkdaşlıq çərçivəsində qurulması, Qoruq sahəsində həyata keçirilən dövlət siyasəti barədə əhalinin tam və düzgün məlumatlandırılması, həmçinin Qoruğun sosial-iqtisadi inkişafı ilə bağlı proqramlarda, Qoruğun ərazisində keçirilən elmi-mədəni və kütləvi tədbirlərdə sakinləri fəal iştiraka cəlb edilməsində Şuranın mühüm rolundan bəhs edib. İdarə rəisi son illər ərzində İçərişəhərin mühafizəsi, bərpası, sakinlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması və bu qədim məkanın dünya səviyyəsində təbliğ edilməsi istiqamətində əldə olunan uğurların ölkə rəhbərliyinin milli irsimizə, tarix və mədəniyyət abidələrimizə göstərdiyi daimi diqqət və qayğı nəticəsində mümkün olduğunu xüsusi qeyd edib.

Nitqinin sonunda İdarə rəisi Şuranın üzvlərini təbrik etmiş, qarşıdakı beş illik fəaliyyətlərində uğurlar diləyib.

Görüşdən sonra Şuranın yeni tərkibinin ilk iclası keçirilib. İclasda cənab Fərid Xanlarov yenidən İçərişəhərin Ağsaqqallar Şurasının sədri seçilib.

"İçərişəhər" Ağsaqqalar şurası Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinə müvafiq olaraq 2009-cu ildə yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd Qoruq sakinlərinin ictimai rəyini nəzərə almaq və mövcud məsələlərin həllində şəffaflığı təmin etməkdir. Ağsaqqallar Şurası üzvlərinin səlahiyyət müddəti beş il təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə