Xalça Muzeyi öz qapılarını ziyarətçilərin üzünə açıb FOTOLAR

Azərbaycan Xalça Muzeyi öz qapılarını ictimaiyyət nümayəndələrinin və şəhərimizin qonaqlarının üzünə açıb. SİA-nın verdiyi məlumata görə, ziyarətçilər arasında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin məsul əməkdaşları, mədəniyyət xadimləri vardı. Həmin gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə turizm şirkətlərinin nümayəndələri və media mənsublarının muzeyə ilk infoturu da keçirilib.

Xalça Muzeyinin direktoru Röya Tağıyeva jurnalistlərə muzeyin yaranma tarixi, fəaliyyəti barədə məlumat verib. Bildirib ki, muzey təxminən yarım əsrdir ki, Azərbaycanın xalça sənətini dünyada tanıdır. Prezident İlham Əliyevin sərəncamı ilə muzey üçün belə möhtəşəm binanın inşa edilməsi bütün kollektivə, xalçaçı sənətkarlara böyük sevinc bəxş edib. O, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Sonra Röya Tağıyeva qonaqları Xalça Muzeyinin yeni binası ilə yaxından tanış edib. Muzey 3 mərtəbədən ibarətdir. Binanın girişi xalq sənətkarlarının əl işləri və müasir interpretasiyalar bölmələrindən ibarətdir. Birinci mərtəbədə xalçanın inkişaf texnologiyası və ənənələr, xalçaçılıq sənətinin təkamülü bölmələri yerləşir. İkinci mərtəbədə Azərbaycan xalça məktəbləri (Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz) öz əksini tapıb. Üçüncü mərtəbədə isə müasir xalçalar yer alıb.

Ekskursiyadan sonra Xalça Muzeyinin rəhbərliyi ilə turizm şirkətləri nümayəndələrinin görüşü keçirilib. Muzeyə giriş orta məktəb şagirdləri üçün 1 manat, tələbələr üçün 2 manat, ölkə vətəndaşları üçün 5 manat, xarici turistlər üçün 10 manat müəyyənləşdirilib. Muzeylə əməkdaşlıq edəcək turizm şirkətləri üçün endirimli qiymətlər nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə