Əbülfəs Qarayev Qabriela Battani-Draqoni ilə görüş keçirib

Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, ilk öncə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxudu.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək mübadilə görüşünün bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dini fəaliyyət sahəsində həyata keçirilən dövlət siyasətindən, bununla bağlı reallaşdırılan tədbirlərdən bəhs edib.

Sentyabrın 2-dək davam edəcək mübadilə görüşündə "Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini və qeyri-dini təşkilatların tolerantlığı: sosial paytaxt", "Dini və qeyri-dini təşkilatların ayrı-seçkilik, dözümsüzlük və zorakılığın bütün növləri ilə mübarizəyə töhfəsi", "Dini mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurası tərəfindən müdafiə olunan bəşəri dəyərlərə hörmət töhfəsi" mövzularında məruzələr dinləniləcək.

Tədbir zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Battani-Draqoni ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində planlaşdırılan tədbirlər və mədəniyyət sahəsində gələcək əməkdaşlıq prioritetləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...