Tamara Sinyavskaya maestro Niyazinin mənzil-muzeyi ilə tanış olub

Tamara Sinyavskaya maestro Niyazinin mənzil-muzeyi ilə tanış olub

Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində olub. SİA-nın verdiyi məlumata görə, qonağa bu məkan haqqında geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, mənzil-muzeyin açılışında ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib və muzeyin Qonaqlar kitabına öz ürək sözlərini yazıb.

Bildirilib ki, mənzil-muzey dəhliz və 5 otaqdan - yemək, yataq, iş otaqları (bu 3 otaq memorial otaqlardır), ekspozisiya və qonaq otaqlarından ibarətdir.

Niyazinin mənzil-muzeyinin kolleksiyasında 6200-dən artıq eksponat qorunub saxlanılır. Burada müntəzəm olaraq görüşlər, yaradıcılıq və xatirə gecələri, konsertlər, sərgilər təşkil olunur. 2008-ci ildən muzeyin nəzdində Klassik Musiqi Həvəskarları Klubu fəaliyyət göstərir ki, hər ayın ilk çərşənbəsi bu klubda maraqlı tədbirlər keçirilir.

SSRİ Xalq Artisti Tamara Sinyavskaya Niyazinin mənzil-muzeyinin xatirə kitabına öz ürək sözlərini yazıb.

Qeyd edək ki, Tamara Sinyavskaya mənzil-muzeyində həmçinin Niyaziyə həsr olunan yeni filmin çəkilişində də iştirak edib. Filmin bədii rəhbəri xalq artisti, kinorejissor Eldar Quliyev, ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonno Müzəffərovadır.

Filmin premyerası Niyazinin mənzil-muzeyinin yaranmasının 20 illiyi ilə əlaqədar sentyabrın 18-də, muzeyin yaranma günündə nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə