Cəmilə Cavadova-Spitsberq ilə görüş keçirilib

Cəmilə Cavadova-Spitsberq ilə görüş keçirilib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Niyazinin mənzil-muzeyində tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə ifaçının iştirak etdiyi konsertlərdən video fraqmentlər nümayiş olunub.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova rəhbərlik etdiyi mədəniyyət ocağında belə görüşlərin ənənəvi olaraq təşkil olunduğunu diqqətə çatdırıb.

Sonra muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək Cəmilə Cavadova-Spitsberqin yaradıcılıq axtarışlarından söz açıb: "Azərbaycan Dövlət Konservatoriyasını bitirən ifaçı bir çox nüfuzlu müsabiqələrə qatılıb. Sonralar Hollandiyada təhsil alan sənətkar qısa bir zamanda nəyinki keçmiş SSRİ məkanında, hətta Avropada, o cümlədən Hollandiya, Almaniya, İngiltərə və ABŞ-da konsert proqramları ilə çıxış edərək tanınmış ifaçılardan birinə çevrilib. O, Azərbaycanda musiqi ifaçılığı sənəti doktoru adını qazanmış ilk orqanistdir. Onun repertuarına Qərb bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının da əsərlərini daxil edən musiqiçi həm də yaşadığı ölkədə diasporumuzun fəal üzvlərindəndir".

Tədbirdə Cəmilə Cavadova-Spitsberq çıxış edərək hazırda Amerikanın Texas ştatının Dallas şəhərində yaşadığını və bu şəhərin Dövlət Universitetində professor - mühazirəçi kimi çalışdığını söyləyib. Eyni zamanda bildirib ki, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.

Sonra ifaçı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, muzeyin foyesində Cəmilə Cavadova-Spitsberqin yaradıcılığını əks etdirən fotosərgi də nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə