Bakıda “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” mövzusunda konfrans keçirilir FOTO
Bu gün Bakıda "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusuna həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə keçirilir.
İki gün davam edəcək konfransda Rusiya, Polşa, Gürcüstan, Litva, Ukrayna, Belarus və Qazaxıstandan dəvət edilmiş alimlər də iştirak edir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Qafqaz Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni irs aspektlərini əhatə edəcək konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın Qafqaz Albaniyası irsinin mənəvi varisi olması və onun təbliği ilə bağlı fəaliyyət perspektivlərinə stimul verilməsi, gələcəkdə bu istiqamətdə nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı müzakirələrin aparılmasıdır.
Onun sözlərinə görə, Azərbaycanda abidələrin qorunub saxlanması istiqamətində mühüm işlər görülür. Nazir qeyd edib ki, Qafqaz Albaniyasının tarixi və mədəni irsinin qorunması ilə bağlı araşdırmalar davam etdiriləcək.
Daha sonra söz alan AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva vurğulayıb ki, mədəni irs nümunələri hansı ölkədə olmasından asılı olmayaraq, bütün insanlıq üçün böyük əhəmiyyət daşıdığından qorunub saxlanmalı, gələcək nəsillərə necə varsa, elə də ötürülməlidir.
Onun sözlərinə görə, münaqişə yaradan və digər dövlətin ərazisini işğal edən ölkələr beynəlxalq hüquq normalarını pozaraq, eləcə də dünyanın əksər ölkələrinin qoşulduğu müvafiq konvensiyanın tələblərinə məhəl qoymayaraq, tarixi və mədəni irs nümunələrini məhv edir və ya özünküləşdirərək oğurlayırlar.
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva isə qeyd edib ki, Qafqaz Albaniyasının tarixinin, etnoqrafiyasının, mədəniyyətinin, sosial münasibətlərinin araşdırılması böyük əhəmiyyət kəsb edir. Çünki söhbət Azərbaycanın keçmişindən, bu günədək miras olaraq qalmış zəngin mədəni irsimizdən gedir.
Ermənilərin Qafqaz regionuna gəlmə xalq olduqlarını deyən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov onların Azərbaycan tarixini saxtalaşdırmaq, onun mədəni irsini özünüküləşdirmək cəhdlərindən danışıb.
Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Azərbaycan dövlətinin erməni saxtakarlığına qarşı apardığı mübarizə tədbirlərindən söz açıb.
Tədbirin davamında çıxış edənlər Qafqaz Albaniyasının tarixi, onun qorunması və digər mövzularda məruzələrlə çıxış ediblər.
Açılış mərasimindən sonra konfrans Qafqaz Albaniyasının mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə qorunması, tədqiqi və təbliği mövzularını əhatə edən plenar iclas və sessiyalarla işini davam etdirir.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB