Xalq Rəssamı Səttar Bəhlulzadənin Ev- muzeyinin təmir, bərpa, ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, muzey Ümummilli lider Heydər Əliyevin istedadlı fırça ustasının Əmircanda yaşadığı evdə muzeyin təşkil olunması haqqında sərəncamına əsasən 1994-cü ildə yaradılıb.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən S.Bəhlulzadənin yaşadığı evdə əsaslı təmir-bərpa işləri aparılıb, burada rəssamın ev-muzeyinin yeni ekspozisiyası yaradılmışdır. Muzey iki mərtəbədən və həyətdən ibarətdir. Muzeyin ekspozisiyası ikinci mərtəbədəki 5 otaq 1 dəhlizdən ibarətdir. Dəhlizdə Səttar Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, həmçinin "Yuxarı Daşaltı" əsərinin reproduksiyası nümayiş olunur. Muzeyin kiçik otağında "Corat qovunları" adlı əsərinin reproduksiyası, rəssamın fırçaları, boyaları, S.Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb. Zalda S.Bəhlulzadənin "Mənim anam", "Kəpəzin göz yaşları", "Bazardüzü"əsərlərinin reproduksiyaları, heykəltəraş Pyotr Sabsayın "S.Bəhlulzadənin portreti" adlı əsəri nümayiş olunur. Vitrinlərdə əlamətdar hadisələrlə əlaqədar rəssama ünvanlanmış təbrik məktubları, təbrik teleqramları, S.Bəhlulzadənin müxtəlif dillərdə dərc olunmuş kataloqları, rəssamın fərdi sərgilərindən dəvətnamələr və şəxsi sənədləri nümayiş olunmuşdur. Ekspozisiyada S.Bəhlulzadənin və anası Hökümə xanınım fotoları, "Qudyalçay vadisi", "Füzuli", "Məcnun" və başqa əsərlərinin reproduksiyaları, rəssamın şəxsi kitabları, sənət dostları tərəfindən bağışlanmış kitablar, eyni zamanda S.Bəhlulzadə haqqında yazılmış kitablar rəssamın molberti, palitrası, fırçaları, yazı stolu, radiola, əsərlərin reproduksiyaları, rəssamın fotoları, başqa məişət əşyaları sərgilənir.
Qeyd edək ki, Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan oluub. 1927-1931-ci illərdə rəssamlıq məktəblərinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa qəzetdə Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur. Əsərləri R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də Moskva və digər şəhərlərin muzeylərində saxlanılır. Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib. Əmircan kəndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB