Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti, professor Ramiz Mirişlinin 80 illik yubileyinə həsr olunmuş yubiley gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak etiblər.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəstəkar Ramiz Mirişlinin keçdiyi sənət yolunun, bəstələdiyi musiqi əsərlərinin hamıya yaxşı bəlli olduğunu qeyd edərək sənətkarı yubileyi münasibətilə təbrik edib. Nazir görkəmli bəstəkar Ramiz Mirişlinin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü il 14 aprel tarixli Sərəncamını diqqətə çatdıraraq, ordeni yubilyara təqdim edib.
Ramiz Mirişli ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət nümayəndələrinə həmişə diqqət və qayğı göstərdiyini vurğulayaraq Prezident İlham Əliyevin bu ənənəni uğurla davam etdirdiyini söyləyib.
Görkəmli sənətkar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusilə muğam sənətinin inkişafı, təbliği və qorunmasındakı xidmətlərini yüksək qiymətləndirib.
Bəstəkar ordenə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Sonra söz musiqiyə verilib.
Konsert proqramında tanınmış ifaçılar bəstəkarın "Zamanın səsi", "Oxu, tar", "Məşəl kimi yanan ürək", "Odlar oğlu", "Azərbaycan gözəli", "Gözlə məni" və digər əsərlərini ifa ediblər.
İfaçıları xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət xor kapellası müşayiət ediblər.
Qeyd edək ki, Filarmoniyanın foyesində, həmçinin görkəmli bəstəkara həsr olunmuş fotosərgi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB