Tariyel Qasımov: "Tək amalım gözəl rollar yaradaraq tamaşaçıları sevindirməkdən ibarət olub”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış aktyor, xalq artisti, Prezident təqaüdçüsü Tariyel Qasımovun 75 illik yubileyinə həsr olunmuş "Zirvədən gələn səs" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə əvvəlcə Özbəkistanda yaşayan həmyerlimizin Tariyel Qasımov haqqında lentə aldığı sənədli film nümayiş olunub.
Sonra yubilyar səhnəyə dəvət edilib.
Görkəmli aktyor tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib: " Bu sənəti seçdiyimə görə çox xoşbəxtəm. Əslində bu zirvəyə çatana qədər çox çətinliklərlə qarşılaşdım. Tək amalım isə gözəl rollar yaradaraq tamaşaçıları sevindirməkdən ibarət olub".
Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev və digər tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edərək aktyoru yubileyi münasibətilə təbrik edərək, onun yaradıcılığı, yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşüblər.
Nəzərinizə çatdıraq ki, Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Tariyel Qasımov 1964-cü ildən bu günədək qısa fasilələrlə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. Aktyor bir çox görkəmli rejissorların səhnə və ekran əsərlərində rol almış, teatr və kinoda yaddaqalan obrazlar yaradıb. Tariyel Qasımov təkcə ölkəmizdə deyil, keçmiş SSRİ-nin bir çox respublikalarında, Almaniyada və digər ölkələrdə tanınmış aktyorlarla birlikdə filmlərə çəkilib. O, təkcə Özbəkistanda 7 filmdə rol alıb.
Tariyel Qasımov bu gün var qüvvəsi ilə çalışır və yaddaqalan obrazlar yaradır.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi adından yubilyara təbriklər ünvanlanıb.
Gecədə müxtəlif teatrların artistləri səhnəciklər təqdim ediblər. İncəsənət ustalarının bir-birindən gözəl ifaları yubiley gecəsinə xüsusi rəng qatıb.
Mərasim iştirakçılarına yubilyarın rol aldığı filmlərdən və tamaşalardan fraqmentlər təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə