Əbülfəs Qarayev Xaçmaz şəhərində vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Xaçmaz şəhərində vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın məlumatına görə, nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) və müvafiq rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 30-a yaxın vətəndaş nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini bildiriblər.

Müraciətlərin bir qismi mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi abidələrin, məscidlərin bərpası, səyyar kitabxanaların yaradılması, yerlərdəki uşaq və incəsənət məktəblərində yeni ixtisasların açılması, məktəblərin dərs vəsaitləri ilə təminatı və s. məsələlərlə bağlı olub. Vətəndaşlar regionda turizmin inkişafına dair təşəbbüslərini, Azərbaycan Turizm İnstitutunun və ya Bakı Turizm Peşə Məktəbinin Xaçmazda filialının açılması barədə xahişlərini də nazirə çatdırıblar. Həmçinin işlə təminat, mədəniyyət ocaqlarında ixtisar olunmuş ştatların bərpası və digər sosial məsələlərlə bağlı xahişlər də səsləndirilib.

Vətəndaşların mədəniyyət və turizm sahəsində mövcud problemlərə, aktual məsələlərə diqqət yetirməsini təqdir edən Əbülfəs Qarayev bütün müraciətlərin nəzərdən keçiriləcəyini və müvafiq tədbirlər görüləcəyini bildirib.

Qeyd edək ki, nazir jurnalistlərə müsahibəsində qeyd edib ki, vətəndaşların bu məsələlərlə bağlı təşəbbüskarlıq göstərməsi müsbət haldır: "Musiqi məktəblərində maddi-texniki bazanın təkmilləşdirilməsi, turizmin inkişafı ilə bağlı qaldırılan məsələlər bizi də narahat edir. Xüsusilə qeyd etmək istəyirəm ki, Xaçmaz bölgəsi Nabran turizm infrastrukturunun yüksək səviyyədə qurulduğu bölgəmizdir. Bununla belə, regionda turizm xidmətlərinin keyfiyyətinin artırılması, dağların, meşələrin, dəniz kənarının ekoloji vəziyyətinin qorunması olduqca vacibdir. Hesab edirəm ki, qaldırılan bu məsələlər aktualdır və onların həlli istiqamətində işlər görüləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə