Klassik musiqi həvəskarları klubunda tanınmış dirijor ilə görüş keçirilib

Klassik musiqi həvəskarları klubunda tanınmış dirijor ilə görüş keçirilib

Niyazinin mənzil muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Əməkdar İncəsənət Xadimi, Bakı Musiqi Akademiyasının dosenti Fəxrəddin Kərimov ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, Muzeyin şöbə müdiri Xanım Abdinova, musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının , Bakı Musiqi Kollecinin tələbə və müəllim heyəti, media nümayəndələri və başqalrı iştirak ediblər.

Tədbiri ilk Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova olaraq klassik musiqi həvəskarları klubunun altı ildir fəaliyyət göstərdiyini vurğulayaraq burada tanınmış insanların yubileylərinin, yaradıcılıq gecələrinin və onlarla görüşlərin keçirildiyini söyləyib.

Daha sonra Muzeyin şöbə müdiri Xanım Abdinova dirijorun həyat və yaradıcılıq yolu haqqında məlumat verib: "Fəxrəddin Kərimov Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra 1973-1978-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında skripka sinfi üzrə təhsil alıb. 1982-1988-ci illərdə H.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu şöbəsində Rusiyanın xalq artistləri V.Gergiyev və professor İ.Musinin sinfində oxuyub. 1989-1991-ci illərdə M.S.Kirov adına Leninqrad Opera və Balet Teatrında təcrübəçi-dirijor olmuşdur.
O, 1991-2001-ci illərdə Memar Sinan adına İstanbul Universiteti nəzdindəki Dövlət Konservatoriyasının simfonik orkestrinə dirijorluq edib. 2000-ci ildə İzmir Dövlət Opera və Balet Teatrı tərəfindən S.Prokofyevin "Romeo və Culyetta" baletinə musiqi rəhbəri qismində dəvət alan Fəxrəddin Kərimov 2001-2004-cü illərdə bu teatrda baş dirijor vəzifəsində çalışıb.
Dirijor Almaniya, Polşa, Rumıniya, Rusiya, Belarus, Türkiyənin bir çox şəhərlərində qastrol səfərlərində olub. "Belıye noçi" (1996-cı il, Sankt-Peterburq), I Beynəlxalq türk musiqisi festivalı (1999-cu il), K.Silvestri adına Beynəlxalq festival (2000-ci il, Rumıniya), "İ.Arxipova və V.Pyavko dəvət edirlər..."(2004-cü il, Yakutsk) və digər festivallarda iştirak edib. F.Kərimov 2004-cü ildən Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Bakı Musiqi Akademiyasının vokal və opera hazırlığı kafedrasının dosentidir".

Fəxrəddin Kərimov musiqisevərlərlə görüşərək yaradıcılıq planlarından danışıb: "Sevinirəm ki, ilk dəfə olaraq mənim üçün belə gözəl gecə keçirilir. Bu mənim yaradıcılığıma göstərilən qayğının nəticəsidir. Mən öz sənətimlə hər zaman xarici dövlətlərdə ölkəmizi yüksək səviyyədə təmsil etmişəm".

Qeyd edək k, tədbirin sonunda F.Kərimovun dirijorluq etdiyi əsərlərdən videofraqmentlər təqdim edilmiş, dirijorun həyat yoldaşı, pianoçu Yuliya Kərimovanın ifasında musiqi parçaları səsləndirilib. Həmçinin muzeyin foyesində Fəxrəddin Kərimovun yaradıcılıq yolunu əks etdirən fotosərgi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə