“24 kadr” gənc rejissorların qısametrajlı film festivalının mükafatlandırılma mərasimi keçirilib

"Metropark" Ticarət və Əyləncə Mərkəzində yerləşən "Park Cinema"da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "24 kadr" gənc rejissorların qısametrajlı film festivalının mükafatlandırılma mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, müsabiqənin münsiflər heyətinin üzvləri – "CİNEMA" Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri, rejissor və kinoproduser Fehruz Şamıyev, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, aktyor Qurban Məsimov, festivala təqdim olunmuş filmlərin yaradıcı heyəti, gənc rejissorlar və media nümayəndələri iştirak ediblər.

Mərasimdə 1, 2 və 3-cü yeri tutan gənc rejissorlar diplom və pul mükafatı (müvafiq olaraq 700, 500, 300 manat) ilə təltif olunublar. Birinci yerin sahibi "Fəridin dünyası" filminin rejisoru Leyla Qəmbərli, ikinci yerin sahibi "Pul" filminin rejisoru Cavid Camalov, üçüncü yerin sahibi isə "Əlvida mənim dostum" filminin rejisoru Dilarə Vəliyeva olub. Bütün iştirakçılar isə iştirakçı sertifikatı ilə mükafatlandırılıblar. "Ən yaxşı aktyor" nominasiyası üzrə "Pul" filminin baş rol ifaçısı Səbuhi Bayramov, "Ən yaxşı ssenarist" nominasiyası üzrə "Mən kimə lazımam" filminin ssenaristi Rüstəm İbrahimli, "Ən yaxşı operator" nominasiya üzrə "Bakıda Polşa memarlarının izləri" filminin operatoru Asif Qəhrəmanov, "Ən gənc rejissor" nominasiyası üzrə isə festivalın altı yaşlı iştirakçısı Mələk Bağıyeva xüsusi diplomlarla təltif olunub.

Mükafatlandırılma mərasimində Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov çıxış edərək iştirakçıları və qalibləri təbrik edib. Münsiflər heyətinin üzvləri Fehruz Şamıyev və Qurban Məsimov isə bu cür festivalların keçirilməsinin Azərbaycanda kino sənətinin inkişafına xüsusi töhfələr verdiyini bildirmiş, iştirakçı gənclərə uğurlar arzulayıblar.

Qeyd edək ki, Festivala 25 gənc rejissorun 34 bədii və sənədli filmi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə