Əhməd Şəfəqin “Vətən gözlüm” adlı albomunun və “Türk olma sənəti” adlı kitabın təqdimat mərasimi keçirilib FOTOLAR

Əhməd Şəfəqin “Vətən gözlüm” adlı albomunun və “Türk olma sənəti” adlı kitabın təqdimat mərasimi keçirilib FOTOLAR

Beynəlxalq Mətbuat Mərkəzində Türkiyənin məşhur müğənnisi və yazarı Əhməd Şəfəqin "Vətən gözlüm" adlı albomunun və "Türk olma sənəti" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ifaçı Əhməd Şəfəq, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, media nümayəndələri və başqaları iştirak ediblər.

Görüş Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı ilə Əhməd Şəfəqin 21 dekabr 2013-cü il, saat 19:00-da Azərbaycan Opera və Balet Teatrında keçiriləcək "Azərbaycan-Türkiyə" adlı solo konserti münasibəti ilə təşkil olunub. "Əhməd Şəfəq Azərbaycanda hələ də sevilir" sözləri ilə tədbiri açan Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, biz 21 dekabrda bu sevginin bir daha şahidi olacağıq: "Əhməd bəy Türkiyə vətəndaşı olsa da, həm də bir azərbaycanlıdır. O Azərbaycanla yatır, Azərbaycanla durur, Azərbaycanla nəfəs alır".

T.Rüstəmxanlı deyib ki, Azərbaycanın Qarabağ problemi Əhməd Şəfəqin qələminin nəticəsində Türkiyə ictimai rəyində formalaşıb: "Əhməd Şəfəq həm də bir səsdir. Bir sənətçi kimi onun fərqi ondan ibarətdir ki, onun ciddi və milli bir duruşu var. Əhməd bəy tək Türkiyə üçün deyil, həmçinin Türk dünyası üçün savaşır – qələmi və səsi ilə. Tənzilə Rüstəmxanlı Əhməd Şəfəqin Azərbaycan klassik musiqisinə vurğunluğunu da qeyd etdi: "Əhməd bəy bir Üzeyir Hacıbəyli aşiqidir. Bu səbəbdən də o, Türkiyədə Üzeyir Hacıbəylinin bir yazıçı, mütəfəkkir və bəstəkar kimi təbliğində böyük işlər görüb".

Tədbirdə iştirak edən "Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının üzvü, filologiya elmləri namizədi Sona Vəliyeva Əhməd Şəfəqin fərqli biri olduğunu deyib: " Fərqli olmaq müəyyən baxışlardan görünə bilər, amma ola bilər ki, Əhməd bəyin bizim üçün olan fərqliliyi digərləri üçün fərqli görünməsin. "Əhməd bəyin əsərlərində əsas ideyası milliliyi qorumaq, türkçülüyü qoruyub saxlamaqdır", deyə fikrini davam etdirən Sona Vəliyeva tədbirdə media nümayəndələrinə təqdim olunan "Vətən gözlüm" albomuna münasibət bildirərkən dedi ki, bu albomun adında da böyük bir ifadə var: "Vətən gözlüm" ədəbiyyatda yeni bir ifadədir, bir yenilikdir. Vətəni nə qədər sevəsən ki, vətənə "Vətən gözlüm" deyəsən". Sona Vəliyeva çıxışının davamında vurğuladı ki, Əhməd Şəfəqi yalnız bir müğənni kimi tanımaq çox böyük bir insafsızlıqdır: " O, jurnalist, yazıçı, eyni zamanda böyük bir müğənnidir. Əhməd Şəfəq kimi insanları qorumaq bizim bir türk olaraq borcumuzdur". "Bu konsert çox möhtəşəm bir konsert olacaq", deyə fikirlərini yekunlaşdıran Sona Vəliyeva xüsusi olaraq vurğuladı ki, Əhməd Şəfəqin ən böyük ideyası və arzusu Qarabağın ermənilərdən geri qaytarılması, azad olunmasıdır".

"Mən Azərbaycanın, türk millətinin bir övladıyam", deyə sözə başlayan Əhməd Şəfəq mədəniyyətin yaşadıldıqca böyüdüyünü səsləndirib: Millət mədəniyyətlə nəfəs alır. Mən də millətin nəfəs alması üçün şeirlər, musiqilər və kitablar yazıram". Gördüyü bütün işləri bir şərəf olaraq gördüyünü dilə gətirən Əhməd Şəfəq "insan şöhrət üçün deyil, şərəf – milli şərəf üçün yaşamalıdır və bu şərəf millilik açısından bəşəri olmalıdır" deyib.

Əhməd Şəfəq media nümayəndələrini qınadığını da dilə gətirib: "Çox təəssüf ki, həm Türkiyədə, həm Azərbaycanda jurnalistlərimiz çox zaman ucuz xəbər arxasınca gedirlər. Daha çox şou-biznes xəbərlərinə yönlənirlər. Şou-biznes sənəti öldürür. Biz bu günlə deyil, keçmişimizlə maraqlanıb, onu araşdırmalıyıq. Çünki keçmiş gələcəkdir. Biz gələcəyimizin üstündən xətt çəkmiş ola bilərik bu gedişlə. Bir türk olaraq keçmişimizin yaşaması üçün tədqiq etməliyik".

Daha sonra öz sənətindən danışan Əhməd Şəfəq deyib ki, mən bir bizans sənətçi deyil, mən türk sənətinin inkişafına xidmət edirəm: "Gördüyüm işlərin hamısı Böyük Türk Dünyasının bir parçasıdır. İnsan sevgini dünyada ən vaz keçə bilməyəcəyi bir şeyə bənzədir. Vətən də elə bir şeydir. Vətən nə alınası, nə veriləsi, nə də vaz keçə biləcəyimiz bir şeydir! Vətən bizim göz-bəbəyimizdir".

Konsert proqramından danışarkən, Əhməd Şəfəq qeyd edib ki, sabit bir proqramım olsa da, amma tamaşaçıların istəyi ilə də bəzi mahnıları ifa etməyə hazırdır. O, bəstəkar Şəfiqə Axundovanın əziz xatirəsini yad etmək üçün onun bəstələrindən də oxuyacağını deyib.

Əhməd Şəfəq tədbirdə bildirib ki, konsert tamaşaçıları üçün bir sürprizi də var. Bu sürpriz isə indiyədək səsləndirmədiyi bir mahnını ifa etməsi olacaq.

Qeyd edək ki, tədbirin sonun da yeni bir layihənin də gözlənildiyi vurğulandı. Belə ki, Qarabağa yaxın olmaq üçün növbəti ildə - 2014-cü ildə Nərgiz Təpə adlanan bir məkanda Əhməd Şəfəqin açıq səma altında konsert keçirəcəyi qərara alındı.

Bütün xəbərlər Facebook səhifəmizdə