Lənkəranda “Dolu” filminin təqdimatı keçirilib

Lənkəranda “Dolu” filminin təqdimatı keçirilib

Noyabrın 12-də Heydər Əliyev Mərkəzində millət vəkili, yazıçı-publisist Aqil Abbasın "Dolu" romanının motivləri əsasında çəkilmiş eyniadlı bədii filmin təqdimat mərasimi keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, romanın və filmin ssenari müəllifi Aqil Abbas mərasimi giriş sözü ilə açaraq ilk növbədə Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Bildirib ki, filmdə hadisələr 1991-ci ildə Qarabağda cərəyan edir. Həmin dövrdə orduda hökm sürən səriştəsizlik və hərc-mərclik nəticəsində Qarabağda vuruşan könüllülərdən ibarət dəstələrin qəhrəmanlığı və şücaəti filmdə öz əksini tapıb.

A.Abbasın qeyd etdiyi kimi, həm romanda, həm də filmdə Lənkərandan başqa heç bir rayonun adı çəkilmir. Filmin əvvəlində döyüş səhnələri göstərilən hissədə "Lənkərandan 25 nəfər könüllü cəbhəyə köməyə gəlmişdir" fikri səsləndirilir. Müəllif bunu belə izah edib ki, romanda və filmdə cərəyan edən hadisələr onun şəxsi müşahidələri əsasında qələmə alınıb. Lənkərandan olan 15 yaşlı gənc valideynlərindən xəbərsiz könüllü olaraq Qarabağa gedir və mənfur ermənilərlə döyüşdə qəhrəmancasına şəhid olur. Atası oğlunun vuruşduğu cəbhə bölgəsinə gəlir və oğlunun meyidini ona verirlər. Ata isə oğlunu şəhid olduğu yerdə dəfn etdikdən sonra övladının avtomatını götürərək azğın düşmənlə döyüşlərə gedir və oğlunun savaş yolunu davam etdirir. Müəllif məhz bu hadisədən təsirlənərək romanda və filmdə yalnız Lənkəranın adını çəkib.

Müəllif "Dolu" bədii filminin yaradıcı heyətini səhnəyə dəvət edib və onları tamaşaçılara təqdim edib.

Sonra film nümayiş etdirilib.

Film başa çatdıqdan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müəllifə və yaradıcı heyətə bütün lənkəranlılar adından minnətdarlığını bildirib.

Filmdən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək filmin böyük təsir gücünə malik olduğunu, həmin dövrün reallıqlarını bariz şəkildə əks etdirdiyini və bu böyük əməyə görə filmin ssnerai müəllifi yazıçı Aqil Abbasa, filmin yaradıcı kollektivinə bütün lənkəranlılar adından təşəkkürünü bildirib və işğal altında olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında azad ediləcəyinə inamını ifadə edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə