Zaqatalada “Avropa İrs Günləri”nə həsr olunmuş bayram şənliyi keçiriləcək

Zaqatalada “Avropa İrs Günləri”nə həsr olunmuş bayram şənliyi keçiriləcək

29 sentyabr tarixində Zaqatala şəhəri mərkəzi parkında "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş təntənəli bayram şənliyi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, bayram şənliyi çərçivəsində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ictimaiyyətinin iştirakı ilə xalq gəzintisi təşkil olunacaq, mədəniyyət abidələri mövzusunda məktəblilər arasında keçirilmiş fotomüsabiqədə qalib gəlmiş işlərin sərgisi nümayiş etdiriləcək və bölgənin yaradıcı kollektivlərinin çıxışları baş tutacaq.

Nəzərinizə çatdıraq ki, tədbirin sonunda Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının Kamera Orkestrinin ifasında konsert proqramı təşkil ediləcək. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Memarlar İttifaqının, Bakı Musiqi Akademiyasının və Şəki, Qax, Zaqatala və Balakən rayonlarının yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi iştirak edəcək.

Qeyd edək ki, cari ildə Azərbaycanda ilk dəfə təntənəli şəkildə keçiriləcək "Avropa İrs Günləri" layihəsi Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olmaqla, hər ilin sentyabr ayının sonlarında Avropanın 50-dək ölkəsində qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə