I Bakı Beynəlxalq Turizm Filmləri Festivalına hazırlıq davam edir

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalına hazırlıq davam edir

Bu ildən etibarən Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə biri də əlavə olunacaq. SİA-nın verdiyi xəbərə görə, 20-25 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir.

Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.

Nəzərinizə çatdıraq ki, 7 kateqoriyada keçiriləcək festivalda hər kateqoriya üzrə I, II və III yerlərə layiq görülən filmlərə priz və pul mükafatları veriləcək. Festivalın ən yaxşı filmi Qran Pri mükafatı ilə təltif olunacaq.
Festivalın seçim komitəsinə 41 ölkədən 250 film daxil olub.
Filmlər kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.

Qeyd edək ki, BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə