Tarixən Azərbaycanda çörəkbişirmə əsasən, ocaq, gil və çuqun saclar, gil tavalar, təndirlər vasitəsilə olub. Onların arasında təndirlər daha geniş yayılıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, amma son dövrlərdə təndir düzəldənlərin sayı xeyli azalıb. Artıq bu xalq sənətkarlığı nümunəsini günümüzdə yaşadanları barmaqla saymaq olar. Belə insanlardan biri də Lənkəranın Aşağı Nüvədi qəsəbə sakini Adilə Manafovadır. 40 ilə yaxındır ki, təndir düzəltməklə məşğul olan 72 yaşlı ağbirçək qadının oğlu və nəvəsi də ona bu işdə kömək edirlər. Adilə nənə deyir ki, təndir düzəltmək üçün yaxşı gil torpaq, saman, keçi tükü və qum lazımdır. Sonra bütün bunlar su ilə yaxşıca qarışdırılaraq, tapdanır. O, ilk dəfə təndir düzəltdiyi günləri belə xatırlayır: "Uşaq vaxtı qızlarla oynamağa gedərdik. Mən guya ki, plov bişirmək üçün qızlara deyərdim ki, biri tas gətirsin, biri də düyü. Bir dəfə isə dedim ki, un gətirin, xəmir edək, çörək bişirək. Mən başladım bu təndiri düzəltməyə"...
Adilə nənə təndirkəsmə sənəti ilə daha geniş şəkildə məşğul olmağa gəlin köçdükdən sonra başlayıb. O deyir ki, bir təndir iki günə hazır olur. Sonra isə fəsildən asılı olaraq 15 gün, yaxud 1 ay təndir kölgə yerdə qurudulur. Adilə nənənin təndirləri nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da məşhurdur. O deyir ki, düzəltdiyi təndirlərini Ukrayna, Moskva və digər ölkələrdən gəlib, aparırlar. Adilə nənə düzəltdiyi təndirlərin el arasında saxsı təndirlər kimi tanınan təndirlərdən fərqləndiyini, daha da keyfiyyətli olduğunu deyir. Onun sözlərinə görə, bu gün təndirə çox ehtiyac var. Çünki təndirdə bişirilən çörək, eləcə də balıq və toyuq ekoloji cəhətdən daha təmiz və olduqca dadlı olur. Təndir həm də az yanacaq aparır. Təndir ustasının fikrincə, çörəkbişirmə sahəsində nə qədər yeniliklər olsa da, təndiri heç nə əvəz edə bilməz.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB