Lənkəranda teatr mövsümünə yekun vurulub

Lənkəranda teatr mövsümünə yekun vurulub

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 132-ci mövsümünə yekun vurub. Teatrın direktoru İslam Həsənovun SİA-nın Cəniub bürosuna verdiyi məlumata görə, əməkdar artist Adil Zeynalovun quruluş verdiyi dramaturq Maarif Məmmədovun "Əcnəbi kürəkən" komediyası əsasında hazırlanmış son tamaşada hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir. Maraqla baxılan tamaşada baş rolu – Uilyam Keyt obrazını gənc aktyor Emin Fərzullayev ifa edib. Digər rollarda əməkdar artist Sucəddin Mirzəyev, aparıcı aktyorlar Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova və başqaları çıxış ediblər.

İslam Həsənov əlavə edib ki, yaradıcı kollektiv yeni mövsümə sentyabrın 20-də italyan dramaturqu Aldo Nikolainin "Dəmir sinif" tamaşası ilə başlayacaq. Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi bu səhnə əsərində rollarda teatrın tanınmış aktyorları, xalq artistləri Böyükxanım Əliyeva, Qabil Quliyev və əməkdar artist Təvəkkül Əliyev çıxış edirlər. Əsərdə insanların ahıl yaşlarında yaşamağa məhkum olduqları tənhalıqdan söhbət açılır. Müxtəlif səbəblərdən qoca yaşlarında doğmaları tərəfindən diqqətdən kənarda qalan, atılan, tərk edilən və qocalar evində məskən salan üç ahıl qocanın həyat hekayəsi tamaşaçıların marağına səbəb olacaq. Əsərin səhnə tərtibatı Tərlan Sadıqov verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə