Milli Qurtuluş Gününə həsr olunan sərgi açılıb

Milli Qurtuluş Gününə həsr olunan sərgi açılıb

Bu gün Muzey Mərkəzinin Sərgi qalereyasında 15 iyun Milli Qurtuluş Gününə həsr olunan, Azərbaycan tarixi mövzusunda respublika rəsm müsabiqəsinin yekunu - "Əsrlər-nəsillər" sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan rəssamları Ümummilli lider Heydər Əliyevin təsviri sənət sahəsinə göstərdiyi böyük diqqət və qayğını daim üzərilərində hiss edib və minnətdarlıq duyğularını öz sənət əsərlərində əks etdirməyə çalışıblar.

Onun sözlərinə görə, Azərbaycan tarixi mövzusunda "Əsrlər-nəsillər" adlı respublika müsabiqəsi elan olunub: "Bir neçə mərhələdə davam etdirilən müsabiqəyə Azərbaycan tarixinin şanlı hadisələrini, görkəmli tarixi şəxsiyyətlərin fəaliyyətini, qəhrəmanların millətin varlığı və dövlətçilik ənənələrinin yaşadılması, müstəqillik, suverenlik, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğurda göstərdikləri şücaətləri əks etdirən əsərlər təqdim olunub. Bu müsabiqə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, insanlarda Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edən hadisələr və tarixi şəxsiyyətlərin fəaliyyəti haqqında təsviri sənət əsərləri vasitəsi ilə təsəvvür yaratmağa xidmət edir".

Daha sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə təşkil etdiyi sərgi iyunun 17-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə