Şair- publisist Aslan Kəmərli yad edilib FOTO

Şair- publisist Aslan Kəmərli yad edilib FOTO

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair- publisist Aslan Kəmərlinin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca bildirib ki, bu gün harada vətəndaşlıq sözü, Vətən, torpaq kəlməsi varsa Aslan Kəmərli oradadır: "Aslan od-alov içində doğuldu, od-alov içində də getdi. Onun doğumu və ölümü müharibə ilə bağlıdır. Aslan yalnız şəhid ola bilərdi və oldu da".

Daha sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov şair haqqında xoş xatirələrini bölüşüb: "Aslan Kəmərli əsl vətən aşiqi, torpaq fədaisi idi. Vətən yolunda da şəhid getdi. Vətəni sevərək dünyasını dəyişdi. Uşaqlıqdan şeir vurğunu idi. Klassiklərin şeirlərini, poemalarını əzbərdən bilirdi".

Tədbir A. Kəmərli haqqında xatirələri paylaşmaqla davam edib.

Qeyd edək ki, Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olub. Ədəbi yaradıcılığa "Xala bənzər", "Dənizdə şəhər" adlı ilk mətbu şeirləri ilə başlayıb. Həmin lirik şeirləri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxdıqdan sonra dövri mətbuatda müntəzəm çıxış edib. 1992-ci il oktyabr ayının 21-də avtomobil qəzası nəticəsində vəfat edib, doğma kəndində dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə