Bu gün Heydər Əliyev Sarayında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdən əvvəl XX əsrin ən dəhşətli və qanlı faciələrində biri olan Xocalı soyqırımını özündə əks etdirən kitablara və foto stendə baxış olub. Daha sonra Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb. O bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: "Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub. Son onilliklərdə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyindən əl çəkməyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirib".
Tədbirdə həmçinin Xocalı sakinləri də iştirak ediblər. Xocalı faciəsinin canlı şahidi olan Fatma İsmayılova bildirib ki, həmin gecə erməni silahlı birləşmələri Xocalı şəhərini yerlə-yeksan etdilər, əliyalın dinc mülki əhali kütləvi qırğına məruz qaldı: "Bir çox qohumlarının ağır işgəncələrə məruz qalaraq öldürüldüyünü, girov götürülən qardaşının taleyinin bu gün də məlum olmadığını bildirib. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan Respublikasının torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Cinayət cəzasız qalmamalıdır".
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, eləcə də Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən danışıblar.
Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks edirən "Xocalı qətliamı" adlı sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB