“Toska” FOTO

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya opera sənətinin ən populyar əsərlərindən biri olan C.Puççinin "Toska" operasının tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, tamaşada Azərbaycanın opera sənətçiləri ilə yanaşı əsas partiyalarda həm də Ukrayna və Belarusdan dəvət olunan opera sənətçiləri çıxış edəcəklər. Belə ki, Toska partiyasını Ukraynanın Əməkdar Artisti, vokalçıların P.Çaykovski adına beynəlxalq müsabiqələrinin laureatı Yekaterina Straşenko ifa edəcək. Yekaterina Straşenko bir müddət əvvəl teatrımızda "Payatsı" operasının tamaşasında parlaq şəkildə ifa etdiyi Nedda partiyası ilə tanışdır.

Tamaşada Skarpia rolunda Belorus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar Artisti Vladimir Qromov çıxış edəcək. V.Qromov bu ilin sentyabrında həmin partiyanı Parisdə Qrand Operanın səhnəsində böyük uğurla ifa edib.

Kavaradossi rolunda isə uzun illərdən bəri İtaliyada, yaşayıb fəaliyyət göstərən həmyerlimiz, vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin laureatı Yusif Eyvazov çıxış edəcək.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə