Bu gün Məhsəti Gəncəvi anıldı

Bu gün Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Məhsəti Gəncəvinin anadan olmasının 900 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, EA-nın muxbir üzvü, professor Teymur Kərimli, xalq şairi Fikrət Qoca, yazıçı Rəşad Məcid və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan ədəbiyyatı tarixində Məhsəti Gəncəvinin xüsusi yeri olduğunu vurğulayaraq onu həyat və yaradıcılğı barəsində söz açıb: "Məhsəti Gəncəvini Azərbaycanın ilk şərq bəstəkarı adlandırmaq olar. Onun rübailəri daha çox məhşurdur. O, öz dövrünün ziyalısı olub".

Daha sonra mərasimdə çıxış edən Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev səbəbkar haqqında danışıb: "Bu vaxtadək bir çox tanınmış insanların yubileylərini keçirmişik. Bu gün isə Məhsəti Gəncəvinin 900 illik yubileyini qeyd edirik. Adlı-sanlı şairlərimizdən olub. Məhsəti Gəncəvinin şerlərində hər zaman qadın azadlığını, qadın obrazı üstünlük təşkil edib. Şairə lirik şeirlər müəllifi olub".

Nəzərinizə çatdıraq ki, tədbirin sonunda Azərbaycan Milli Dram Teatrının aktyorlarının ifasında şairənin şeirləri səslənib. Muğam üçlüyü tərəfindən sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Qeyd edək ki, Məhsəti Gəncəvi-900 adlı kitab sərgisini tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə