Azərbaycanda Küveyt Dövlətinin Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda Küveyt Dövlətinin Mədəniyyət Günləri keçiriləcək

Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında mədəni əlaqələrin inkişafı, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin yaradılması, fikir və təcrübə mübadilələrinin aparılması məqsədi ilə 2012-ci il noyabr ayının 27-dən dekabr ayının 2-dək Azərbaycan Respublikasında Küveyt Dövlətinin Mədəniyyət Günləri keçirilir. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət Günləri ilə əlaqədar Küveyt Dövlətinin Mədəniyyət, İncəsənət və ədəbiyyat Milli Şurasının Baş katibi Əli Hüseyn Əl-Yuhanın rəhbərliyi ilə tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Qonaqlarla Mədəniyyət və Turizm Nazirliyində görüş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fotosərginin təşkili, Azərbaycan Yazıçılar Birliyində Küveytin hakim Əl-Sabah ailəsinin tanınmış nümayəndəsi, ictimai xadim Şeyxə Suad Məhəmməd Əl-Sabahın ölkəmizin Küveyt Dövlətindəki Səfirliyinin təşəbbüsü və dəstəyi ilə tərcümə olunmuş və Bakıda nəşr edilmiş "Məni günəşə apar" adlı şeirlər kitabının təqdimatı, həmçinin iki ölkə rəssamları, yazıçıları və şairləri musiqi və kino xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

29 noyabr 2012-ci il tarixdə Mədəniyyət Günləri çərçivəsində aşağıdakı tədbirlərin keçirilməsi planlaşdırılır.

- Saat 11.00 - Mədəniyyət və Turizm Nazirliyində görüş (Hökumət Evi, beşinci giriş qapısı, birinci mərtəbə- İqtisadi İnkişaf Nazirliyinin konfrans zalı)

- Saat 12.30 - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fotosərginin açılışı və rəssamlarla görüş

- Saat 15.30 - Azərbaycan Yazıçılar Birliyində Şeyxə Suad Məhəmməd Əl-Sabahın "Məni günəşə apar" şer kitabının təqdimatı və yazıçılarla görüş.

Bütün xəbərlər Facebook səhifəmizdə