Xalqımızın qədimdən müasir dövrümüzə qədər gəlib çıxan bir çox musiqi alətləri var. Onlardan biri də qanun və ya kanondur. Hələ Nizamı Gəncəvinin, Məhəmməd Füzulinin, Məshəti Gəncəvinin əsərlərində qanun haqqında məlumat var. Azərbaycanda ilk kanon ifaçısı isə Asya Tağıyeva olub. İlk dəfə onun ifasında "Bayatı-Şiraz" və "Çahargah" muğamları vala yazılıb. Bəs müasir dövrümüzdə qədim Azərbaycan alətini yaşadanlar varmı?
"Buta" qanun ifaçıları ansamblı
Müasir dövrümüzdə gənclərin əksəriyyətinin qədim musiqi alətlərinə marağı yoxdur. Lakin "Buta" qanun ifaçıları ansamblı bu işi müvəffəqiyyətlə yerinə yetirir. Ansambl üç gənc qanun ifaçısından ibarətdir. Maraqlısı isə ondan ibarətdir ki, onlar qanunla bərabər bir çox qədim və müasir musiqi alətlərində (ney,ud,gitara,skripka,piano və zərb alətləri) ifa etməyi bacarırlar.
Ansambl üzvü Şövkət Mirzəyeva Azərbaycan Milli Konservatoriyasında təhsil alır, əlavə olaraq mütaliə etməyi və gitarada ifa etməyi çox sevir. Gitara və qanun üzrə müəllimə işləyir. Mətanət Cəbrayılova Azərbaycan Milli Konservatoriyasında xalq çalğı alətlətləri şöbəsində qanun ixtisası üzrə təhsilini davam etdirir. Leyla Əhmədova da həmin konservaroriyada təhsil almaqla yanaşı, ney alətində ifa etməyi öyrənir.
Ansambl üzvü Şövkət Mirzəyevanın SİA-ya verdiyi müsahibəni oxuculara təqdim edirik:
- Maraqlıdır, bu musiqi alətinə maraq necə yaranıb? Niyə məhz qanun?
- Qeyd etdiyim kimi, musiqi məktəbində təhsil almışam. İlk dəfə qanun alətinin səs tembrini eşidəndə bu alətə qarşı maraq oyandı. İlk müəllimim Gülzar Tahirova olub. Bu alətdə ifa edən musiqiçilərimiz yetərli qədərdir amma tələbat və təbliğat zəif olduğundan, inkişaf da zəif gedir.
- Yəqin ki, Azərbaycanda qanun alətinin tarixi ilə tanışsınız. Bu barədə nə deyə bilərsiz?
- Əlbəttdə, Məşədi Cəmil Əmirov 1912-ci ildə Türkiyədə olanda, Şərqdə məşhur olan musiqi alətlərindən ud və qanunda çalmağı öyrənir. 1913-cü ildə doğma vətəninə qayıdarkən Məşədi Cəmil özü ilə bu iki aləti də gətirir. 1959-cu ildə Asya Tağıyevanın ifasında ilk dəfə olaraq Azərbaycanda qanun alətində "Bayatı-Şiraz" və "Çahargah" muğamları vala yazılır. Məndə həvəs müəllimlərdən və ansambl ifalarından yaranıb. Başqa alətlərdə sintezini də yoxlamışıq və uğurlu alınıb.
- Ansambl yaratmaq və onu qoruyub saxlamaq asan iş deyil. Yəqin ki, sizdə də müəyyən problemlər olur.
- Arada olur. Repertuar, tədbir, geyim bunların hər birinin seçimi qrup üzvləri ilə birgə aparılır. Zövqlər müxtəlif olduğuna görə müəyyən problemlər yaranır. Amma sonda razılaşa bilirik.
- Bəs ansamblın maliyyə problemlərini necə həll edirsiz?
- Maliyyə problemlərində valideynlərimizə borcluyuq. Bizə hər zaman maddi və mənəvi dəstək olurlar.
- Azərbaycanda qanuna nə qədər maraq var? Çox müraciət edən olur, yoxsa necə?
- Əlbəttdə maraq var, amma geniş şəkildə yayılmayıb.
- Azərbaycanda qanun ifaçıları ansamblları varmı? Sizin ansambl nə ilə fərqlənir?
- Azərbaycanda ilk qanun ansamblı Təranə Aliyevanın rəhbərliyi ilə "İnci" qızlar ansamblı olub və bu günə qədər fəaliyyət göstərir. Bütün ansambllar arasında sağlam rəqabət var. Ansambllar çox olsa da, bəziləri maddi problemlər qarşısında dağıldılar.
- Bildiyimizə görə, gitara müəlliməsisiz. Gənclərin daha çox hansı musiqi alətinə marağı var?
- Bəli, qeyd etdiyim kimi, qanun və gitarada yaşından asılı olmayaraq həvəsi və istedadı olan hər kəsə bu alətlərdə ifa bacarığını aşılamağa çalışıram. Gitaranı öyrənməkdə əsas məqsədim qanunla gitaranı sintez improvizələrlə gənc nəslə sevdirmək və tanıtmaqdır.
- Hər hansı bir musiqi alətində ifa etmək istəyən gənclərə nə məsləhət görərdiniz?
- Düzü, özümü məsləhət verəcək yaşda hesab etmirəm. Amma istərdim ki, boş vaxtlarını səmərəli keçirsinlər. Gənclər üçün çox geniş imkanlar var. Onlardan istifadə etməyi bacarsınlar.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB